Sony yenilikləri nümayiş etdirdi

5 Sentyabr 2014 20:38
Sony şirkəti IFA 2014 Berlin sərgisinin açılışı çərçivəsində Z3 Compact və E3 modellərini daxil edən yeni Xperia smartfonlarını, iki ədəd daşınan qurğu, həmçinin Smart Band Talk fitnes trekeri və SmartWatch 3 saatlarını nümayiş etdirib.

Z3 Compact smartfonu əvvəl təqdim edilmiş Z3 qabaqcıl qurğusunun kiçildilmiş versiyasıdır. Şirkətin məlumatına əsasən, smartfon 2.5 QHs-lik Qualcomm Snapdragon 801 çipi, Sony Exmor RS datçikinə əsaslanan 20,7 meqapiksellik kamera ilə təchiz edilib. Böyük Z3 modelində olduğu kimi Compact versiya sukeçirməz korpusla təchiz edilib.

Böyük modeldən fərqli olaraq, kiçik versiya 720p təsvir ölçülü 4,7 düymlük ekranla təchiz olunub.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Sony E3 modeli orta qiymət səviyyəsinə məxsus kütləvi smartfondur. Bu model 854x480 təsvir ölçülü 4,5 düymlük ekran, 1.2 QHs takt tezlikli dördnüvəli Snapdragon 400 prosessoru, 1 QB əməli yaddaş, 4 QB daxili yaddaşı, 5 meqapiksellik kamera və Android 4.4 KitKat sistemi ilə təchiz edilib. 

Şirkətdən bildirilib ki, SmartWatch 3 smart saatları 1,2 QHs-lik çip və 512 MB əməli yaddaş, 4 QB daxili yaddaş və 420 milliamper/saat tutumunda batareya, 320x320 piksel təsvir ölçülü 1.6 düymlük ekranla təchiz olunub. Saatın korpusu IP68 standartına uyğun hazırlanıb, yəni cihaz su və tozkeçirməzdir. Qurğu adi microUSB kabeli vasitəsilə enerji toplayır.

SmartWatch 3-in satışlarına cari ilin payızında start veriləcək, qurğunun qiyməti 230 avro təşkil edəcək. 

Milli.Az