Bakıdakı sağlamlıq mərkəzi insanları xəstə edir
3 Sentyabr 2014 14:00
Yasamal rayonu Qutqaşenli küçəsində yerləşən "Astoriya" klinikası ucbatından sakinlər şirin yuxudan məhrum olublar. Gecə saatlarında klinikanın mühafizəçiləri yüksək səslə danışır, gülür, zarafatlaşırlar.
Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına oxuculardan biri məlumat verib.
Məsələ ilə bağlı saytın əməkdaşı Yasamal rayonu 26-cı polis bölməsinin rəisi Sabir Ağayevlə əlaqə saxlayıb. O, vətəndaşlara tövsiyə edib ki, rayon polis idarəsinə müraciət etsinlər.
"Yalnız rəsmi müraciətdən sonra məsələnin araşdırılmasına başlamaq olar. Başqa cür alınmayacaq. Bu məsələ ilə bağlı mənə heç kim müraciət etməyib. Bundan əvvəl xidmət müəssisələrindəki səs-küy barədə bizə müraciət ediblər və tərəfimizdən tədbir görülüb", - o əlavə edib.
Klinikadan isə şikayəti dinləməklə kifayətləniblər. Jurnalistin telefon zənginə cavab verən klinika əməkdaşı bildirib ki, bu barədə rəhbərliyə məlumat verəcəklər.
Milli.Az