Azərbaycan dünya ölkələrinin rəqabətqabiliyyətlilik reytinqində öz mövqeyini yaxşılaşdırıb
3 Sentyabr 2014 11:36
Azərbaycan dünya ölkələrinin rəqabətqabiliyyətlilik reytinqində öz mövqeyini yaxşılaşdıraraq 144 ölkə arasında 38-ci yeri tutub.
Trend xəbər verir ki, bu barədə Dünya İqtisadi Forumunun (DİF) dərc etdirdiyi 2014-2015-ci illərdə qlobal rəqabətqabiliyyətliliyi üzrə hesabatda deyilir.
Azərbaycan üçün rəqabətqabiliyyətlilik reytinqi indeksi 4,53 təşkil edir.
Bundan əvvəlki, 2013-2014-cü illərin reytinqində Azərbaycan 148 ölkə arasında 39-cu mövqedə idi.
İndeksaltı reytinqə görə, ölkə makroiqtisadi mühit üzrə 9-cu, əmək bazarının effektivliyi üzrə 33-cü mövqedə qərarlaşıb.
Dünyanın ən rəqabətqabiliyyətli ölkəsi İsveçrədir. İsveçrə ilə yanaşı, liderlər beşliyinə Sinqapur, ABŞ, Finlandiya və Almaniya daxildir.
Rusiya DİF-in rəqabətqabiliyyətlilik reytinqində 53-cü yerə qalxıb. Əvvəlki iki ildə olduğu kimi Estoniya postsovet məkanında lider olaraq qalır və 29-cu yeri tutur. Reytinqin birinci yarısında Azərbaycanla yanaşı Litva (41), Latviya (42), Qazaxıstan (50-ci mövqe) qərarlaşıb.
DİF reytinqləri münasib statistik məlumatların kombinasiyasına və şirkət rəhbərlərinin sorğusunun, geniş Dünya İqtisadi Forumunun milli tərəfdaşlarla birgə - hesabatda təhlil edilən ölkələrdə rəqabətqabiliyyətlilik və iqtisadi inkişaf məsələlərində ixtisaslaşmış aparıcı elmi tədqiqat institutları və şirkətlər tərəfindən keçirdiyi illik tədqiqatın nəticələrinə əsaslanır.
Milli.Az