Bəhram Bağırzadə: "Səhvlərə də yol verirəm" - MÜSAHİBƏ

3 Sentyabr 2014 10:47
"Bakılı oğlanlar" KVN komandasının məşhur üzvü Bəhram Bağırzadə Day.Az saytına müsahibə verib. Milli.Az həmin müsahibəni ixtisarla təqdim edir.

- Siz "Bakılı oğlanlar" KVN klubunda möhtəşəm çıxışla yanaşı, uzun müddət "Planeta Parni İz Baku" teatrının konsertlərində də aktiv iştirak etmisiniz. KVN sizin üçün nədir - sadəcə sevimli bir iş, yoxsa nəsə daha çox bir şey?

- Məktəbdə bekarçılıqdan bu oyunu oynayırdım. Açıq deyim, hərdən oxumaq istəmirdim, bu məşğuliyyət isə xoşuma gəlirdi. Peşəkar KVN oyununa keçəndə isə bu mənim üçün 90-cı illərin əvvəllərində Azərbaycanı informasiya blokadasından çıxarmaq üçün bir silah idi. Xalqımız bizdən parlaq və gözəl qələbələr gözləyirdi. Biz 4-qat çempion olmaqla onların ümidlərini doğrultduq.

Bu gün illər keçdikdən sonra mən artıq 25 ildir ki, peşəkar KVN ilə məşğul oluram. Bu mənim quru çörəyim, sevimli işim və qazancımdır. KVN-lə yanaşı, mən reklamlara, kinoya çəkilirəm, tamaşalarda rol alıram, konsertlərdə çıxış edirəm. Bütün ömrüm boyu, hətta uşaq olarkən Allahdan ilk olaraq zövq alacağım və dolana biləcəyim iş diləyirdim.

- Uzun illər sonra əfsanəvi "Bakılı oğlanlar"la görüşərkən nələri xatırlayırsınız?

- Bu 25 il ərzində uzun müddətli ayrılığımız olmayıb. Elmi-texniki tərəqqi sayəsində bizim virtual əlaqəmiz var. WhatsApp, Facebook, Twitter, Skype və digər proqramlarla əlaqə saxlayırıq. Hələ mobil telefonlardan danışmıram.

Misal üçün, WhatsApp-da bizim "Bakılı oğlanlar" qrupumuz var. Oranın üzvləri, demək olar ki, 24 saat onlayndırlar. Daima virtual ünsiyyətdə oluruq. İstənilən vaxt suallar verə bilirik. Məni sevindirən odur ki, komandamız hələ də birdir. Əgər Allah eləməsin, nəsə bədbəxt hadisə baş verərsə, ya da ad günü və ya toy olarsa, 15 dəqiqədən sonra biz birlikdəyik. Şad gündə də, qəmli gündə də bir-birimizi dəstəkləyirik. Hamı bilir ki, özünü necə aparmalıdır. Heç kimə heç nə izah etmək lazım deyil.

- Belə bir fikir var ki, çətinliklər və maneələr yalnız əsl kişilərin qarşısına çıxır ki, onlar ən müsbət keyfiyyətlərini göstərə bilsinlər. Bununla razısınız?

- Bununla tamamilə razıyam. Sınaqlar əsl kişini bərkidir, onu daha da güclü edir. Heç nə etməyən adam heç vaxt səhv etmir. Mən edirəm, ona görə səhvlərə də yol verirəm. Yıxılmaq qorxulu deyil, əsas ayağa durmağı öyrənməkdir. Mənim bir müsbət cəhətim var ki, daima məndən əvvəl bu yolu keçmiş adamların təcrübəsini izləyirəm. Çalışıram ki, başqalarının səhvlərindən öyrənim, onları təkrarlamayım.

Müşahidə edirəm və özlüyümdə sosial sorğu aparıram. Əgər adam səhvə yol verirsə, mən həmin situasiyanı analiz edirəm. Allah eləməsin, belə problemlə qarşılaşanda nə etmək gərəkdiyini bilirəm.

Müsahibənin tam mətnini bu keçiddə rus dilində oxuya bilərsiniz.

Milli.Az