Azərbaycanlı aktyor: "Bunun üçün gərək şir ürəyi yeyəsən..." - FOTOSESSİYA

8 Sentyabr 2014 02:00

Aktyor Ülvi Həsənovun Milli.Az-a müsahibəsi.


- Necə dincəlirsiniz?

- Mən də bir çoxu kimi bütün yayı Antalyada, Dubayda, sonra Quşadasında dincəlmişəm desəm, yalan demiş olaram. Demək olar, yayı heç dincəlməmişəm, yeni mövsümə hazırlıqlar gedir deyə dincəlməyə vaxt tapmamışam.
 

- Yeni mövsümə hazırlıq necə gedir? Teatr, kino, ya seriallardan hansında varsınız?

- Bayaq qeyd etdiyim kimi, yeni mövsümə ciddi hazırlıqlar gedir. İstər teatrda, istər serialda. Yeni mövsümdə artıq bir neçə serialda tamaşaçılar məni görə biləcəklər. Ümid edirəm, keçən mövsümdə olduğu kimi bu mövsümdə də serial və filmlə bağlı uğurlu bir mövsüm keçirəcəm. Bildiyiniz kimi, keçən mövsüm mənə çox düşərli oldu. Bir neçə serialda rol aldım. Bunlara misal olaraq "Sənə inanıram", "Üç bacı" seriallarını göstərmək olar. Bundan əlavə, teatr sahəsində də uğurlarım çox oldu.

Keçən mövsüm Bakı Estrada Teatrından ayrılaraq Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında fəaliyyətə başladım. Böyük səhnədə kiçik rollar almağıma baxmayaraq, artıq yeni mövsümdə kiçik insan kimi böyük rollara təkliflər almışam. Bundan əlavə, qeyd etdiyim teatrın nəzdində "Axın" teatr studiyasını yaratdıq. Orada gözəl sənətkar və ustadlarımız Pərviz Məmmədrzayev, Vidadi Həsənov və Məmməd Şəfa kimi müəllimlərimlə çiyin-çiyinə çalışırıq. Gənclərdən ibarət studiya artıq keçən mövsüm "Banan qabığı" adlı ilk uğurlu tamaşasını verdi. Rəhbərlik və tamaşaçılar tərəfindən çox uğurla qarşılandı. İnşallah, yeni mövsümdə həmin studiyanın növbəti tamaşalarını hazırlamağı planlaşdırırıq.
 

- Bu qədər işi eyni zamanda necə bacarırsınız?

- İşlər deyəndə ki sənətim mənim oksigenimdir. Bayaq dincəlmək barəsində soruşdunuz, bax mən də belə dincəlirəm. Çünki sevdiyim işlə məşğulam.
 

- Estrada teatrından niyə ayrıldınız?

- Hər bir şeyin bir yerə qədər vaxtı var. Çünki inkişaf lazımdır, oradan da yüksək pillələrə çatmaq lazımdır. Ayrılmağıma baxmayaraq, rəhbərimiz Vüqar Əbdülovla münasibətimiz, dostluğumuz və iş birliyimiz hələ də davam edir.
 

- "Axın" teatrı barədə danışdınız və çox bacarıqlı sənətçilərin adlarını sadaladınız. Bu teatr hansı yöndədir?

- Mənim fikrimcə, teatr hansısa yöndə olmamalıdır. Düzdür, tərzlər ayrı-ayrıdır. Mən həmişə arzusunda olmuşam ki, Azərbaycanda universal teatr yaradım. Orada stillər, tərzlər - hamısı olsun, janrların fərqi olmasın. "Axın" teatr studiyasında biz hər janrdan istifadə edirik. Pantomima, estrada, klounada və s.
 

- Həmişə mənə maraqlı olub, "Hicran" tamaşasını yenidən səhnəyə qoysalar, hansı rolu oynamaq istərdiniz? Ümumiyyətlə, o tamaşanın yenidən səhnəyə qoyulmasını istərdinizmi?

- O tamaşanı səhnəyə qoymaq üçün və ya o tamaşada oynamaq üçün gərək şir ürəyi yeyəsən. Çünki o tamaşanın, necə deyərlər, möhürü elə qoyulub ki, onu, inanmıram, kimsə bundan sonra səhnələşdirsin. Səhnəyə qoyulsa da təqlidə yol veriləcək, çox güman ki. Rəhmətlik sənətkarlarımız Nəsibə xanım, Siyavuş Aslan, Hacıbaba Bağırov rollarının öhdəsindən, məncə, lazım olduğundan da artıq gəliblər. Nəzərə alsaq ki, bu tamaşanın 50%-i improvizə ilə oynanılıb, inanmıram ki, Azərbaycanda o cür yerində improvizə bacarığı olan aktyorlar olsun. Bəlkə də var, amma o cür alınmağı bir az şübhəlidir. Mənə qalsa, stilimə yaxın olan Siyavuş Aslanın canlandırdığı obrazı yaratmaq istəyərdim.
 

- İnanıram ki, Ülvi Həsənov da öz möhürünü vuracaq, sənətkar aktyor olacaq. İncəsənətin nə tələb etdiyini bilirsiniz. Buna hazırsınız?

- Təbii ki, hətta bütün ömrüm boyunca.
 

- Qabağınızı nə kəsə bilər?

- Hələ dünyada elə bir varlıq yoxdur.
 

- Yaşıdlarınıza nə sözünüz var?

- Onlar ilə eyni yaşda olmağıma çox şadam. Bir də onu deyim ki, hərə öz sevdiyi işlə məşğul olsun, heç nəyə fikir verməsin. Onda sözsüz ki, uğur tapa biləcək.

Səyavuş Əlizadə
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.