"Akkord" Korporasiyasının müasir asfalt zavodu istismara verilib - FOTO

31 Avqust 2014 12:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları 10 yanvar 2014-cü il tarixli sərəncamı ilə 2014-cü ili Azərbaycan Respublikasında "Sənaye ili" elan etmişdir. Prezidentin bu sərəncamında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi və xüsusilə "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nın hazırlanması Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafının gücləndirilməsinə, regionların sənaye potensialının artmasına və innovativ texnologiyalar əsasında sənayenin yenidən qurulmasına əlavə təkan verəcəkdir. "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC də cari ilin əvvəlindən etibarən bu sərəncam və proqramlardan irəli gələn tələblər çərçivəsində öz fəaliyyətini daha da təkmilləşdirmək barədə qərar qəbul etmiş, "Sənaye ili" çərçivəsində yeni istehsalat obyektlərinin işə salınması üçün hərtərəfli fəaliyyətə start vermişdir. Bu fəaliyyətin bir nümunəsi kimi, bu gün Korporasiyanın Balaxanı qəsəbəsində inşa etdiyi müasir və yüksək istehsal həcminə malik yeni asfalt zavodu təntənəli açılış mərasimi ilə istismara verilmişdir.

Zavodun açılış mərasimində Korporasiya rəhbərliyi və asfalt zavodunun kollektivi ilə birlikdə Sabunçu rayon İcra hakimiyyətinin başçısı Adil Vəliyev, Azərbaycan Sahibkarlar Konfederasiyasının rəhbəri Məmməd Musayev, bir sıra iri şirkət və qurumların rəhbər və nümayəndələri də iştirak etmişlər.

Açılış mərasimində çıxış edən Korporasiyanın baş direktoru Göksəl Aybek saatda 240 ton istehsal həcminə malik bu zavodun ən müasir standartlara uyğun qurulduğunu və həm yüksək keyfiyyətli məhsul istehsalı, həm də yeni iş yerlərinin yaradılması baxımından əhəmiyyətini vurğulmışdır. Baş direktor bildirmişdir ki, ərazidə əvvəldən mövcud olan "Kreqmaş" asfalt zavodu ilə birlikdə yeni zavodun istehsal həcmi 360 ton/saat olacaq ki, bu da Abşeron yarımadasının yol infrastrukturunun yenidən qurulmasında mühüm əhəmiyyət daşıyacaqdır. Tədbirdə Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev də çıxış edərək Korporasiyanın bu rayonla çox sıx tellərlə bağlı olduğunu, hətta Korporasiyanın ilk istehsal müəssisələrindən olan "Akkord Beton Zavodu"nun məhz bu rayonda fəaliyyətə başladığını bildirmişdir. A.Vəliyev Korporasiyanın daimi olaraq rayonun sosial layihələrində də yaxından iştirak etdiyini xüsusi vurğulamış, yeni zavodun açılışı münasibətilə təbriklərini çatdırmışdır.

Tədbirdə daha sonra Sahibkarlar Konfederasiyasının sədri Məmməd Musayev, Korporasiyanın İstehsalat Departamentinin direktoru Kamil Hüseynov çıxış etmişlər.
Daha sonra zavodun rəsmi açılışını bildirən düyməyə basılmış və sirena sədaları altında zavodun ilk asfalt məhsulu yük maşınlarına yüklənmişdir. Maşınlar kameralaşmış avtotərəzidən keçdikdən sonra təntənəli şəkildə sifariş ünvanına yola salınmışlar.
Tədbirin sonunda mərasim iştirakçıları xatirə şəkli çəkdirmişlər.

Qeyd edək ki, istifadəyə verilən zavod "Akkord"un 5-ci asfalt zavodudur. Ümumilikdə, Korporasiyanın 5 asfalt zavodunun illik istehsal gücü 1 635 840 ton təşkil edir.

Yaxın zamanlarda Korporasiya "Sənaye ili" ilə bağlı tədbirlər çərçivəsində fibrobeton, metal-konstruksiya məhsulları, həmçinin şüşə fasadların yüksək texnologiyalarla istehsalı müəssisələrinin inşasını həyata keçirəcək.

Böyütmək üçün şəkillərə klikləyin.