Yenilənən Peugeot 508 - FOTO

30 Avqust 2014 23:23
Peugeot şirkəti yenilənmiş 508 sedan və universalı təqdim edib. Hər iki model markanın yeni firma üslubunda xarici görkəm, yüksək texnoloji avadanlıqlar və iki yeni mühərrik əldə edib.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, restaylinq edilmiş 508 yeni 108 və 308 üslubunda daha yaraşıqlı və sanballı xarici görkəm qazanıb. Modellər kiçildilmiş radiator barmaqlığı, yeni işıqdiod əsas işıq faraları və daha hamar kapot əldə edib. Arxa hissədə başqa görünüşlü bamperi və fərqli formalı arxa fənərləri qeyd etmək olar.

Salonda daha keyfiyyətli materiallardan istifadə edilib. Mərkəzi konsolda məlumat-əyləncə sisteminin yeni 7 düymlük sensor displeyi yer alıb.

Təchizata dördzonalı klimat-kontrol, JBL audiosistemi və proyeksiya displeyi əlavə edilib. Əlavə ödəniş hesabına arxa görünüş kamerası və ölü zonalara nəzarət sistemi quraşdırılması mümkündür.

Mühərrik qammasına iki yeni aqreqat əlavə edilib: 165 at güclü, start-stop sistemi ilə 1,6 litrlik THP benzin və iki litrlik BlueHDi 180 dizel mühərrikləri.

Yenilənmiş Peugeot 508 Avropa bazarına sentyabrın 10-da daxil olacaq. Modelin Çində satışları 2015-ci ilin yanvarında başlayacaq.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.