Windows 8 populyarlaşır

31 Avqust 2014 16:36
Windows 8 əməliyyat sisteminə tələbat hələ ki Microsoftun istədiyi kimi yüksək deyil. Hətta köhnə Windows XP platforması uzun müddət səkkizdən populyar olub. Yalnız bu yaxınlarda vəziyyət yeni əməliyyat sisteminin xeyrinə dəyişib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, internet səhifələrinə baxış sayını hesablayan StatCounter xidmətinin məlumatına əsasən, 2014-cü ilin avqustunda masaüstü kompüterlər üçün qlobal proqram platformaları bazarında Windows XP sisteminin bazar payı 14,31 faiz olub. Ötən ay bu göstərici 15,15 faiz təşkil edib. Windows 8 əməliyyat sistemi hazırda dünyadakı masaüstü və noutbukların 7.35 faizində, Windows 8.1 platforması isə 8,2 faiz-də quraşdırılıb. Beləliklə, Windows 8/8.1 platformalarının ümumi bazar payı 15,55 faiz təşkil edib.

Windows 7 platforması ən populyar əməliyyat sistemi olaraq qalır, avqustda sözügedən sistemin payı 55,7 faizə çatıb. StatCounter statistikasına əsasən, Mac OS X platformasının payı 8,64 faiz təşkil edib.

Milli.Az