Azərbaycan və Moldova ikitərəfli münasibətlərin inkişafı perspektivlərini müzakirə edəcəklər
29 Avqust 2014 14:00
Moldova baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya üzrə nazir Natalia German Bakıda Azərbaycan və Moldova münasibətlərinin perspektivlərini müzakirə edəcək.
Danışıqlar xanım N.Germanın sentyabrın 8-9-da Bakıya səfəri çərçivəsində aparılacaq.
Bu barədə Trend-ə Moldovanın Azərbaycandakı səfiri İqor Bodiu bildirib.
Onun sözlərinə görə, sentyabrın 8-də Moldova baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya üzrə nazir rəsmi səfəri çərçivəsində azərbaycanlı həmkarı Elmar Məmmədyarovla danışıqlar aparacaq, Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər keçirəcək.
Nazir sentyabrın 9-da Bakıda Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramının iştirakçısı olan ölkələrin XİN rəhbərlərinin qeyri-formal görüşündə iştirak edəcək.
Azərbaycan və Moldova strateji tərəfdaşdırlar. Hər iki ölkə həm ikitərəfli, həm də regional beynəlxalq səviyyələrdə fəal əməkdaşlıq edirlər.
Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, 2014-cü ilin yanvar-iyul aylarında Azərbaycan və Moldova arasında əmtəə dövriyyəsi 3204,95 min dollar təşkil edib.
Milli.Az