Gəncədə yaşayan yəhudilər: "Azərbaycanlıların tolerantlığını olduqca müsbət qiymətləndiririk"

26 Avqust 2014 16:25
Bu gün Azərbaycan dünya dövlətləri içərisində tolerant ölkələrdən biri kimi tanınır. Ölkəmizdə kifayət qədər etnik millətlərin nümayəndələri yaşayır və onların icmaları da fəaliyyət göstərir. Gəncədə fəaliyyət gösərən yəhudi icması da deyilənlərin ən bariz nümunəsidir.

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə tarixən müxtəlif millətlərin birgə yaşadığı mədəni mərkəzlərdən olub. Hazırda şəhərdə çoxsaylı dini icmalar fəaliyyət göstərir. Belə icmaların nümayəndələrindən biri - Gəncə Yəhudi İcmasının sədri İzabella Əliyeva deyir ki, Azərbaycanda müxtəlif dinlərə etiqad edənlər konstitusiya səviyyəsində qorunur və yəhudilər Azərbaycanı ən tolerant ölkələrdən hesab edirlər.

İzabella Əliyeva: "Azərbaycandan tolerant ölkə yoxdur. Mən özüm burada doğulmuşam və burada yaşayıram. Bizim burada yaşayan digər yəhudilərin dostları, tanışları, qohumları gəlir bura. Hamı da azərbaycanlıların tolerantlığını olduqca müsbət qiymətləndirir".

Gəncə Yəhudi İcmasının məlumatına görə, icmanın qərb regionunda 500-dən çox üzvü var. Bunlar yalnız qeydiyyatda olan üzvlərdir. Yəhudilər burada rahat şəkildə yaşayır, müxtəlif idarə və təşkilatlarda çalışır, bayramlarını rahat şəkildə qeyd edirlər.

İzabella Əliyeva: "Biz sərbəst şəkildə öz milli bayramlarımızı keçiririk. Nəyə görə? Çünki dövlət bizə dəstək olur, şəhər rəhbərliyi bizə dəstək olur. Biz hiss edirik ki, bizə də hörmət edirlər, bizi də sayırlar".

Bütün bunlar onu göstərir ki, ölkəmiz bütün dinlərə, milli azlıqlara hörmətlə yanaşır, Azərbaycan vətəndaşı olaraq onların hüquqları hər bir azərbaycanlının hüquqları kimi qanun çərçivəsində qorunur.

Milli.Az