Tərbiyəsiz azərbaycanlı bizi düşmənə xar etdi
26 Avqust 2014 14:54
Rusiyanın "Aeroflot" aviaşirkətinə məxsus Dubay-Moskva reysi ilə hərəkət edən təyyarə İrəvana məcburi eniş edib.
APA-nın "RİA Novosti" agentliyinə istinadən xəbərinə görə, məcburi eniş etməyə səbəb təyyarə sərnişinlərindən birinin sərxoşluğu üzündən hərəkətlərinə nəzarət edə bilməməsi olub.
Agentlik sərnişinlərə istinadən bildirib ki, təyyarə Dubaydan qalxan zaman sərnişinlərdən biri kobudluq etməyə, yüksək səslə danışmağa və uşaqlara sataşmağa başlayıb: "Təyyarədə çoxlu uşaq və xaricilər vardı. 30-35 yaşlarında kişi uşaqlara sataşmağa və qışqırmağa başladı. Təyyarə bələdçiləri həmin sərnişinlə bacara bilmirdilər. Təyyarədəki kişi sərnişinlərdən altısı həmin şəxsi tutaraq skoçla oturacağa bağladılar".
Səhər saat 05:00 radələrində təyyarə İrəvan aeroportuna məcburi eniş edib. Sərnişinlər 2,5 saat orada gözləməli olublar. Təyyarənin pilotları sərxoş sərnişini yerli polisə təhvil verməyə cəhd ediblər. Lakin həmin sərnişin Azərbaycan vətəndaşı olduğundan, yerli polis onu təhvil almaqdan imtina edib. Sərnişinin əlinə qandal vurulub. Təcili tibbi yardımın həkimləri ona sakitləşdirici iynə vurublar, sərnişin yuxuya gedib. Daha sonra təyyarə İrəvandan 3 saat gecikmə ilə Moskvaya yola düşüb. Rusiya paytaxtında bu şəxs polisə təhvil verilib.
Milli.Az