Sukeçirməz smartfonlara tələbat artır

27 Avqust 2014 21:14
Sony Mobilein son smartfonlarının özəlliyi suyadavamlı olmasıdır. Məhz bu funksiya Yaponiya şirkətinin 2015-ci ildə buraxacağı orta səviyyəli yeni modellər üçün standart kimi qalacaq. Ucuz məhsulun rəqabətə davamlılığını artırmaq üçün bu addım atılıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, bir neçə gün əvvəl Sony şirkətinin sukeçirməz qurğuları çeşidinə 4,8 düymlük ekran, 1.2 QHs takt tezlikli dördnüvəli Qualcomm Snapdragon 400 prosessoru, 8 meqapiksellik kamera və LTE dəstəyi ilə təchiz edilmiş Xperia M2 Aqua aparatı əlavə edilib. Qurğunu 30 dəqiqə ərzində 1,5 metr dərinliyində suyun içində saxlamaq olar. Telefonun qiyməti təxminən 300 avro təşkil edir.

Samsung Electronics, HTC, Lenovo və Coolpad kimi başqa istehsalçılar, həmçinin orta səviyyəli smartfonlarını qurğunun daxili komponentlərə su düşməsinin qarşısını almağa qadir korpuslarla təchiz etməyi düşünürlər. Yaxın iki ildə "ağıllı" telefon seqmentində tədarükün 20-30 faizi sukeçirməz cihazların payına düşəcək.

Milli.Az