Hollandiya Türkiyə ilə raket söhbəti etdi

26 Avqust 2014 10:17

Hollandiya Suriyadan gələ biləcək hücumlara qarşı NATO-nun istəyi istiqamətində Türkiyəyə göndərdiyi "Patriot" raketlərinin vəzifə müddətini uzatmamaq qərarı alıb

Anspress-in məlumatına görə, mövzuyla əlaqədar Nümayəndələr Palatasına məlumat verən hökumət, "Patriot" sistemlərinin vəzifə müddətinin bitəcəyi 2015-ci il yanvar ayının sonunda Hollandiyaya geri qaytarılacağı qərarını verib.

Yayılan xəbərdə bildirilir ki, Hollandiya Baş qərargah sədri NATO-nu alınan qərarla əlaqədar məlumatlandırıb.

Qeyd olunub ki, davamlı istifadə olunan müdafiə sisteminin böyük bir baxıma ehtiyacı var və bu isə ancaq Hollandiyada mümkündür.

Suriyadan Türkiyəyə istiqamətli hücum təhlükəsinin tamamilə bitmədiyini diqqətə çatdıran hökumət, bu çərçivədə NATO-nun Türkiyəni qoruma səylərinin dəstəklənməyə davam edəcəyini bildirib.

Xatırladaq ki, Hollandiyaya aid "Patriot" hava müdafiə sistemi 26 yanvar 2013 tarixində Adanada yerləşdirilib. İlkin mərhələdə bir illik göndərilən müdafiə sistemi və 250 əsgərdən ibarət birliyin vəzifə müddəti, Türkiyənin tələbi ilə keçən il noyabrda Hollandiya tərəfindən daha bir il uzadılmışdı.

Qeyd edək ki, Hollandiya daha əvvəl birinci və ikinci körfəz döyüşlərinin yaşandığı 1991 və 2003 illərində də Türkiyəyə "Patriot" mərmiləri göndərmişdi.

Milli.Az