Bakıda tikinti sakinləri təşvişə saldı - VİDEO

26 Avqust 2014 14:24

Xətai Rayon İcra Hakimiyyəti: "33 saylı binanın qarşısında nümunəvi bağ salınacaq"

Sakinlərin həyəcan keçirməsinin səbəbi illərdir istirahətlərini təşkil etdikləri bağın kimlərsə tərəfindən alınaraq tikinti işlərinə başlamasıdır. Artıq bünövrənin böyük hissəsi qazılıb.

ANS TV-nin məlumatına görə, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 33 saylı binanın qarşısında aparılan bu qazıntı işləri sakinlərin şikayəti əsasında dayandırılıb. Yer qazılmamışdan qabaq elektrik xətləri bünövrəyə düşdüyü üçün əvvəl xətlərin yeri dəyişdirilib. Sakinlərin "Nə edirsiniz?" sualına isə "Elektrik xətləri yenilənir" cavabı verilib. Daha sonra isə texnika vasitəsilə bağda olan idman qurğuları, oturacaqlar sökülərək bünövrə qazılıb. Xətlərdən isə görünür ki, binanın həcmi elə də kiçik olmayacaq.

Sakinlərin dediyinə görə, ərazidə özəl bağça tikintisi nəzərdə tutulurmuş. Məsələ ilə əlaqədar Xətai Rayon İcra Hakimiyyətinə yollandıq. Qurumun memarı Vadim Surxayevin dediyinə görə, ərazi fiziki şəxs tərəfindən alınıb. Və ərazidə tikiləcək ikimərtəbəli bağçanın artıq planı da hazırlanıb.

Qurum rəsmisi onu da bildirdi ki, sakinlərin istirahəti üçün 33 saylı binanın qarşısında nümunəvi bağ salınacaq və bu səbəbdən narahatlığa səbəb yoxdur.

Hər halda tikinti aparılacaq. Sakinlər isə binanın qarşısındakı həyətlə kifayətlənməli olacaqlar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.