Fransa hökumətinin yeni tərkibi bu gün açıqlanacaq

26 Avqust 2014 09:03
Fransa prezidenti Fransua Olland hakimiyyəti dövründə növbəti dəfə hökuməti dəyişir. APA TV-nin məlumatına görə, hökumətin yeni tərkibi bu gün açıqlanacaq. Olland hökuməti formalaşdırmağı Manuel Valsa tapşırıb. Hökumətin istefasına iqtisadiyyat naziri Arno Monteburun qalmaqallı bəyanatı səbəb olub. O, büdcə iqtisadiyyatı siyasıtinə qarşı çıxıb.
 
Artıq məlumdur ki, yeni hökumətdə nə qiyamçı Montebur, nə də onu dəstəkləyən mədəniyyət və təhsil nazirləri olacaqlar.
 
Mühafizəkar müxalifət hazırkı böhranı hakim sosialistlər üçün iflic adlandırıb. Mühafizəkarlar hesab edirlər ki, hakimiyyət ölkədəki iqtisadi vəziyyətlə bacarmır.
 
Hökumət dəyişikliyi prezident Olland və yeni baş nazir Valsın reytinqinin kəskin azalması fonunda baş verir.  Son sorğuların nəticələrinə görə, Fransua Ollandı fransızların cəmi 17 faizi dəstəkləyir.

Milli.Az