Xalq artisti Rafiq Babayevin 75 illik yubileyinə layihələr hazırlanır
10 Dekabr 2010 15:27
2011-ci il mart ayının 31-i xalq artisti, görkəmli musiqiçi Rafiq Babayevin anadan olmasının 75 ili tamam olacaq. Yubileylə bağlı sənətkarın ailəsi bir sıra layihələr hazırlayır. Bu barədə Milli.Az xəbər portalına Rafiq Babayevin qızı, musiqişünas Fərizə Babayeva məlumat verib.
Onun sözlərinə görə, yubiley ili çərçivəsində Rafiq Babayevin kompozisiyalarından ibarət yeni albom buraxılacaq. "Bundan əvvəl Rafiq Babayevin əsərlərinin yer aldığı bir neçə disk işıq üzü görüb. Onlardan ən möhtəşəmi 2008-ci ildə Heydər Əliyev Fondunun hazırladığı albomdur. İndi bu albom dünyanın bir çox ölkəsində var və istənilən caz həvəskarı onu əldə edə bilər." - deyə, Fərizə Babayevə əlavə edib.
Bundan başqa, layihələr sırasına Rafiq Babayevin indiyədək məlum olmayan əsərlərinin nota alınması da daxildir. "Rafiq Babayev əsərlərini heç vaxt nota almayıb. Vaxt məhdudiyyəti əsərləri nota köçürməyə imkan vermirdi. Onun əsərlərinin demək olar ki, böyük bir hissəsi yalnız audio şəkildə mövcuddur. Əsərlər nota salınacaq və kitab şəklində təqdim olunacaq. Əminəm ki, bu kitab cazı, ümumiyyətlə, Rafiq Babayev sənətini sevən insanlara, xüsusən də gənclərə əsərlərlə daha yaxından tanış olmaq imkanı yaradacaq".
Bundan başqa, Fərizə Babayevanın musiqişünas Rauf Fərhadovla birlikdə yazdığı "Rafiq Babayev mövzudan improzivəyə" kitabının Azərbaycan və İngilis dillərinə tərcüməsi nəzərdə tutulur. Qeyd edək ki, 2010-cu ildə rus dilində işıq üzü görən kitabda Rafiq Babayevin həyat və yaradıcılığı ilə yanaşı, Azrəbaycan cazının tarixi haqda məlumatlar yer alıb.
Günay
Milli.Az