Avropanın yeni "xilas planı" hazırlanıb

10 Dekabr 2010 22:50
Milli.Az xəbər portalı "The Financial Times Deutschland"a istinadən bildirir ki, Almaniyanın "Deutsche Bank"ının rəhbərliyi Avropa Birliyində borc böhranı ilə mübarizə məqsədilə "B planı" hazırlayıblar.
Planın əsas ideyası Avropa Mərkəzi Bankının (AMB) kommersiya maliyyə təşkilatlarını müttəfiq kimi qəbul etməyə başlamasıdır.

"Deutsche Bank" Avropa Birliyi ölkələri arasında İspaniya, Portuqaliya, İtaliya və ya İrlandiya kimi dövlətlərin istiqrazlarını satın alan kommersiya bankları üçün girovlarla bağlı güzəştlərin tətbiqini həyata keçirməyi təklif edir.
Alman bankirlərin fikrincə, bu addım yüksək riskli aktivlərə tələbat yaradacaq və Avropa Mərkəzi Bankının işi bir qədər asanlaşacaq. Çünki AMB indi yüksək riskli qimətli kağızlara tələbatı təmin etmək üçün onları satın almaq məcburiyyətindədir.

Avropa Mərkəzi Baknının prezidenti Jan-Klod Trişenin sözlərinə görə, Avropa Birliyinin əsas maliyyə tənzimləyicisi yalnız ötən həftə 2 milyard avroluq istiqrazları satın alıb.
May ayından bəri isə AMB 69 milyard avroluq istiqraz alıb.
"Deutsche Bank"a gəldikdə isə, bu bank Portuqaliya, İrlandiya, Yunanıstan və İspaniyanın 10 milyard avroluq dövlət istiqrazlarını alıb.

Toğrul
Milli.Az