Baş nazir siçan olanda hakimiyyət təlxəyə çevrilir

27 Avqust 2014 00:30

Ermənistanın baş naziri Ovik Abramyan, deyəsən, guya hökumətə başçılıq etdiyini göstərməklə yanaşı, yaxşı komedant istedadına malik olduğunu da nümayiş etdirmək niyyətindədir.
 

Çünki onun son bəyanatları sirk arenasına çıxaraq tamaşaçıları nəyin bahasına olursa-olsun güldürməyə çalışan klounun sözlərini xatırladır.
 

Təhkiyə sərt təsir bağışlaya bilər, amma belədir.
 

Ovik Abramyana yalnız xüsusi səmimiyyətinə görə sayğı bəsləmək olar.
 

Ruhi xəstələrə və ya nə dediyinin fərqində olmayan əqli kasad adamlara cəmiyyətdə fərqli sayğı olduğu kimi.
 

Bu adam elə açıqlamalar verir, elə sözlər deyir ki, normal, sivil cəmiyyətdə belə baş nazirin arxasına təpik vurub işindən qovardılar.
 

Ermənistandakı cəmiyyətsə normallıq və sivillikdən çox uzaq olduğu üçün baş nazir gözlərini qırpmadan məntiqdən çox uzaq, vətəndaşların faktiki olaraq ələ salınmasına yönəlmiş çıxışlar edir.
 

İş adamları ilə görüşündə Ovik Abramyan deyib: "Ermənistan mal və məhsullarını Rusiya Federasiyasına ixrac etməyə çalışmalıdır. Rusiya bazarı indi Avropa ölkələrindən azad olduğu üçün mallarımızı Rusiyaya ixrac etmək qərarına gəldik".
 

Absurd bəyanat, az qala idiotik ifadələrdir.
 

Əvvəla, "mallarımızı və məhsullarımızı Rusiyaya ixrac etməyə çalışmalıyıq" nə deməkdir? Bəyəm Rusiya ermənilərə qarşı sanksiyalar tətbiq edib, hansısa məhsulların ixracında süni çətinliklər yaradıb. Bəlkə, belədir və ermənilərin heç nədən xəbəri yoxdur?! Əsla.

Ermənistanda ranqa görə ikinci yerdə duran adam Rusiya bazarının "Avropa ölkələrindən azad olması"ndan bəhs edəndə anlamır ki, bazar ölkələrdən yox, mallardan azad ola bilər.
 

Söz yox, Ovik Abramyan bisavad, nə dediyini bilməyən, nə danışdığının fərqində olmayan adam ola bilər. Lakin Ermənistan baş nazirinin nitqini hazırlayan adamlar, onun müşavirləri var və o adamlar O.Abramyan sarsaq açıqlamalarının səslənməməsi üçün nitqləri nədən əvvəlcədən hazırlayıb baş nazirə yazılı şəkildə təqdim etmirlər - bəlli deyil.
 

Ovik Abramyan Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalaradan və onların Ermənistana təsirindən danışanda "unudub" ki, Moskva Qərbə qarşı cavab addımı olaraq bir sıra məhsulların idxalını yasaqlasa da, sonradan geri çəkilərək siyahını xeyli ixtisar edib.
 

Ermənistanın baş naziri yerli iş adamlarını faktiki olaraq Rusiya bazarlarına "hucum"a çağırıb. Pis şüar deyil - marazmatik olsa belə.
 

Amma ermənilər həmin bazarlara "yürüşü"ü necə gerçəkləşdirəcəklər?!
 

Ermənistandakı şirkətlər, onsuz da, Rusiyaya mal və məhsul satırlar. O bazarlarda isə rəqabət güclüdür və son olaylardan sonra yerlər uğrunda qarşıdurmalar daha da şiddətlənib. Belə şəraitdə, çökmüş iqtisadiyyatda islahatlar aparılmadan, tüğyan edən korrupsiya və rüşvətxorluq, qanunsuzluq və özbaşınalıq bataqlığında boğulan Ermənistanda gərəkli addımlar atılmadan, qərarlar qəbul edilmədən ixracat həcmini artırmaq, Rusiyaya satılan mal və məhsulların həcmini yüksəltmək mümkün deyil.
 

Erməni iş adamları başlarından yuxarı atılmaq imkanlarına malik deyillər. Bu sadə həqiqəti Ovik Abramyana başa salan adam tapılmadımı?!
 

Ermənistanda "Siçan" ləqəbi ilə tanınan baş nazir Rusiyaya ixracatı artırmağa başlayacaq şirkətlərə dəstək veriləcəyini deyir. Yəni bu şəxs süni inhisarları daha da gücləndirmək və bu minvalla "hami"liyi daha da gücləndirərək daha çox gəlir əldə etmək istəyir. Halbuki, Rusiyaya mal və məhsul satan erməni şirkətlərinin istisnasız olaraq hamısının Rusiyada havadarları, hamiləri və "dost"ları var: onların yeni nəzarətçilərə ehtiyacı duyulmur.
 

Ona görə də Ermənistandakı şirkətləri tərəfindən "Siçan"ın təklifləri və nitqi ciddi qəbul olunmadığı kimi, son bəyanatları da qulaqardına vuruldu.
 

Ermənistanı 1990-cı illərdə postsovet məkanında geniş yayılmış reketirlərin şüuruna malik insanlar idarə edirlər.
 

Ermənilərin laqeydliyi və süstlüyü sayəsində.
 

Ovik Abramyan onu da vurğulayır ki, bu ilin ilk yarısında Ermənistana daxil olmuş maliyyə transfertlərinin ümumi həcmi ötən illə müqayisədə 4,7 faiz artıb. Həmin transfertlərin 81,6 faizi və ya təqribən 770 milyon dolları Rusiyadan Ermənistana göndərilib.
 

Yerevan iqtidarı bu rəqəmi az qala ölkə iqtisadiyyatına yönələn xarici investisiyalar kimi qələmə verir.
 

Fəqət, rəqəm siyasət, təhlükəsizlik və suverenitetlə bağlı problemdir.
 

Hər il Ermənistanın dövlət büdcəsinin yarıdan çoxu Rusiyada çalışan ermənilərin ölkəyə yolladıqları pullar hesabına formalaşır.
 

Ermənilər Rusiyanın təsiri altında olduqlarını deyirlər. Moskva Dağlıq Qarabağ münaqişəsi problemindən istifadə edərək Ermənisanı kölə halına salıb. Belə "münasibət"lər çərçivəsində Ermənistan "hami"si tərəfindən hərbi şantaja məruz qalır, iqtisadiyyat və sənayesinin 100 faizinin şimal tərəfdən nəzarətə keçməsi ilə barışır. Hətta Ermənistanın təbii qaz idxalı və ölkə daximlində paylaşması da Rusiyanın nəzarətindədir.
 

Belə şəraitdə transfertlərin sosial problemə çevrilməsini ermənilər böyük dərd saymırlar.

Ola bilər, axı Serj Sarkisyanın prezident, Ovik Abramyanın da baş nazir olduğu ölkədə problemlərin təsnifatı, həqiqətədən də, asan məsələ deyil.
 

Elçin Alıoğlu

Milli.Az