"Liviyada bir azərbaycanlı qalıb"

18 Avqust 2014 17:42

"Azərbaycanın Liviyadakı diplomatik nümayəndəliyi rəsmi şəkildə fəaliyyətini davam etdirir"

Bunu APA-ya açıqlamasında Azərbaycanın Liviyadakı səfiri Ağasəlim Şükürov deyib. "Bu ölkədə hazırda yalnız bir neçə Avropa ölkəsinin səfirliyi fəaliyyət göstərir ki, Azərbaycan səfirliyi də diplomatik fəaliyyətini davam etdirənlər sırasındadır", - deyə o söyləyib.

Liviyadakı azərbaycanlılarla bağlı sualı cavablandıran A.Şükürov 2011-ci ildə bu ölkədən 38 azərbaycanlının təxliyyə edildiyini və hazırda Liviyada səfrlik personalından kənar yalnız 1 Azərbaycan vətəndaşının qaldığını bildirib. Səfir həmin şəxsin Liviya-Azərbaycan müştərək şirkətinin əməkdaşı olduğunu qeyd edib.

A.Şükürov vəziyyətlə bağlı Azərbaycan XİN-ə məruzə edildiyini və tezliklə bu ölkədə diplomatik fəaliyyətin davam etdirilib-etdirilməməsi ilə bağlı qərarın qəbul olunacağını bildirib.

Xatırladaq ki, Liviyada hökumət qüvvələri və islamçı qruplaşmalar arasında gərginliyin artması ilə əlaqədar bir sıra ölkələr öz səfirliklərini bu ölkədən təxliyyə ediblər.

Milli.Az