Tovuzun Ermənistanla sərhəd ərazisində güclü yanğın

18 Avqust 2014 15:18
Tovuzun Ermənistanla sərhəd Əlibəyli kəndi ərazisində axşam saatlarında güclü yanğın baş verib. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, dağlıq ərazidə baş verən hadisə zamanı daha çox quru otlaq sahələri və kol-kos alışıb.

Dərhal Tovuz Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi hadisə yerinə çağırılıb. Yanğın dağlıq ərazidə olduğundan yanğınsöndürənlər alovu ram etməkdə çətinlik çəkiblər. Amma buna baxmayaraq yanğını söndürmək mümkün olub.

Qeyd edək ki, hadisəyə ilkin səbəb kimi plastik su qablarının günəş şuasından alışması göstərilir. Ərazidə bulaq olduğundan sakinlər buraya istirahətə gəlir və istifadə olunan şüşə və kapron su qabları əraziyə atılır.

Milli.Az