Gürcüstanın Gənclər və İdman Nazirliyi (GİN) yanında Uşaq və Gənclərin İnkişafı Fondunun (UGİF) maliyyə dəstəyi, Gürcüstandakı Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) Gənclər şöbəsinin təşkilatçılığı ilə Azərbaycan jurnalistlərindən ibarət nümayəndə heyətinin Tbilisiyə səfəri zamanı paytaxtdakı bir çox yerləri gəzmək imkanımız oldu. Amma Azərbaycan xalqının ictimai-siyasi və ədəbi-mədəni həyatında müstəsna rol oynamış, böyük dramaturq və mütəfəkkir alim Mirzə Fətəli Axundzadənin məzarı və ev-muzeyinin ziyarəti isə duyğusal anlarla yadda qaldı. Belə ki, Tbilisidə olarkən Nəbatat bağına baş çəkdik. Gürcülərin Botanika bağı da adlandırdıqları sözügedən ərazi paytaxt şəhərin ən hündür yerlərindən biridir. Biz Tbilisidəki yeganə müsəlman məscidinin yanından keçib üzü yuxarı uzanan yolla hərəkət etdikcə, şəhər aşağıda qalır və buradan paytaxta gözəl mənzərə açılırdı. Həm bu mənzərəni, həm də müxtəlif növ ağacları seyr edə-edə nəhayət ki, gəlib müsəlman qəbristanlığını tapdıq. Qəbristanlıqda M.F.Axundzadə başda olmaqla Mirzə Şəfi Vazeh, Fətəli Xan Xoyski, Həsən bəy Ağayev, Əliqulu Qəmküsar, Eynəli bəy Sultanov və Azərbaycanın digər görkəmli ədəbiyyat, mədəniyyət, elm və ictimai-siyasi xadimlərinin məzarlarını ziyarət etdik, ruhlarına dua oxuduq.Mirzə Fətəli Axundzadənin sağlığında Tbilisidə inşa etdiyi və həyatının sonuna kimi yaşadığı ev-muzeydən reportaj