Vüqar Bayramov: "Yaxşı olar ki, vətəndaşlar avtomobili rəsmi nümayəndəlikdən alsınlar"
Eyyub Hüseynov: "Bu prosedur Azərbaycanda işləmir".
"Bəzən elə olub ki, şirkətimiz tərəfindən geri çağırılan avtomobilin sahibi bunu etməyə razılaşmayıb. Səbəb kimi isə avtomobili aldıqdan sonra ona öz istəyinə uyğun başqa detalları əlavə etdirməsini göstərib".
Bunu bizimlə söhbətində məşhur "Honda Motor" avtomobil şirkətinin Azərbaycandakı rəsmi nümayəndəliyində çalışmış Səbuhi dedi. Onun sözlərinə görə, elə hallar da olub ki, avtomobil sahibi avtomobilini qaytarmaqdan yerli nümayəndəliyə inamı olmadığı üçün imtina edib: "Özünüz bilirsiz, bizim vətəndaşlarda inam məsələsi bir qədər çətin söhbətdir".
Bir sıra nəhəng avtomobil istehsalçılarının öz avtomobillərini hansısa texniki nasazlığa görə geri çağırması halı ilə dəfələrlə rastlaşmışıq. Elə yeri gəlmişkən, bu yaxılarda yapon avtomobil istehsalçısı "Honda Motor" 175 000 avtomobili geri çağırdığını bəyan etdi. Kampaniyaya səbəb avtomobilin mühərrikində nasazlığın aşkarlanması idi. Şirkət elan etdi ki, bu nasazlıq avtomobilin hərəkəti zamanı sürətin öz-özünə artmasına səbəb ola bilər.
ABŞ-ın avtomobil istehsalçısı "Ford" da məhsullarını geri çağıranlar arasında olub. Şirkət bir müddət əvvəl 101 000 avtomobilini geri çağırıb. Buna səbəb avtomobillərdə təhlükəsizliklə bağlı qüsurların, o cümlədən yanacaq sızmasının aşkarlanmasıdır. Şimali Amerikanı əhatə edən kampaniya 2013-2014-cü illərdə istehsal olunmuş modellərə şamil olunub.
Dövlət Statistika Komitəsinin 2012-ci ilin sonuna olan məlumatına görə, Azərbaycanda qeydiyyatda olan 958 594 minik avtomobilindən 395640 ədədi və ya 41%-i VAZ modeli olub. Həmin dövrə Azərbaycanın minik avtomobili parkının 15,5%-i "Mercedes-Benz", 5,1%-i QAZ, 4,6%-i "Hyundai", 3,5%-i "Toyota", 3,2%-i "Opel", 2,7%-i "Moskviç", 2,4%-i "Nissan", 2,1%-i BMW, 2%-i KİA, 1,9%-i "Mitsubishi" modellərindən, 23,8%-i isə digər markalı avtomobillərdən ibarət olub. Məhz 2012-ci ildə 23688 "Mercedes-Benz", 7203 "Hyundai", 5346 KİA, 6212 "Toyota", 3569 "Nissan", 3278 "Chevrolet", 3232 "Wolkswagen", 3161 "Mitsubishi" avtomobili qeydiyyata alınıb.
Statistikadan göründüyü kimi, Azərbaycanda üstünlük verilən marka alman istehsalı olan "Mercedes"dir. Qeyd edək ki, bu şirkət sonuncu dəfə 2011-ci ildə avtomobillərini geri çağırıb. Geri çağırma 2010-cu ilin aprelindən sonra istehsal edilən "Mercedes" modellərini əhatə edib. "Mercedes" şirkəti E, S, ML, GL və R siniflərindən olan dizel mühərrikli avtomobilləri geri çağırmağa qərar verib. Geri çağırılmaya səbəb isə yanacaq filtrindəki sızmadır. Bu sızma sonradan avtomobildə alışmaya səbəb ola bilərdi. Qeyd edək ki, xəbərdarlıqla əlaqədar həmin vaxt ABŞ-da yeddi minədək avtomobil geri çağırılıb. Azərbaycanın da daxil olduğu Şərqi Avropa və ümumilikdə isə Avropada geri çağırılan modellərin sayı isə açıqlanmayıb.
"Toyota" şirkəti son illər elan etdiyi çox sayda çağırışla 2009-cu ilin sonundan bu yana təxminən 16 milyon avtomobili servislərinə dəvət edib. Amerika Birləşmiş Ştatlarının nəhəng avtomobil konserni "General Motors" sonuncu dəfə bütün dünyada 1 milyona yaxın azlitrajlı avtomobilini geri çağırıb. "General Motors" konsernindən bildirilib ki, geri çağrılan avtomobillər, əsasən, 2007-2011-ci illərdə istehsal edilən və Amerika Birləşmiş Ştatlarında satılan avtomobillərdir.
Bu geriçağırmalar Azərbaycanda alınmış avtomobilləri də əhatə edirmi? Geri çağırma proseduru necədir? Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun sözlərinə görə, mal və məhsulların geri çağırılması istehlakçı hüquqlarının qorunmasının çox vacib və müsbət tərəfidir. Hazırda Azad İstehlakçılar Birliyi bu məsələ üzərində işləyir:
"Biz hələlik təhlükəli ərzaq mallarının geri çağırılması üzərində işləyirik. Bu istiqamətdə Avropa İttifaqı da Azərbaycanda bizimlə əməkdaşlıq şəraitində iş aparır. Yəni mal bazara çıxıbsa, onun təhlükəli olduğu bilindikdə necə geri çağırmaq olar məsələsi müzakirə edilir. Ərzaq mallarının geri çağırılması bu istiqamətdə ən çətin məsələdir. Özünə hörmət edən, biznes etikasını gözləyən böyük şirkətlər sənaye məhsullarının, hətta ərzaq mallarının geri çağırılmasını həyata keçirir. İndiyədək Azərbaycanda hər hansı malın geri çağırılmasının şahidi olmamışıq. Bunun səbəbi satışın nağdsız həyata keçirilməməsidir. Məsələn, Sinqapurda hətta xırda bir ərzaq məhsulu istehsaldan sonuncu istehlakçıya qədər izlənilir. Çünki istehlakçı onu kartla alır, nağd alış-veriş tamamilə yığışdırılıb. Təsadüfi deyil ki, bizdə də cənab prezidentin nağdsız ödənişlərin genişlədirilməsi ilə bağlı xüsusi tapşırığı var. Bunun bu tərəfləri də var. Yəni mal sonuncu haradadır, bilinir. O yerdə ki satış tam nağdsızlaşdırılıb, ödənişlər avtomatlaşdırılıb və s. orada malın sonuncu alıcısı bilinir və istehsalçı şirkət sonuncu alıcıya çıxa bilir, keyfiyyətsiz malı geri çağırmaq imkanında olur. Azərbaycanda bunu istəsələr də tətbiq edə bilməzlər, çünki bu sistem formalaşmayıb. Güman edirəm ki, əsas bu səbəbdən bizdə malların geri çağırılması baş vermir. Uzun illərdir bu sahədə çalışıram və hələ belə bir halın şahidi olmamışam. Əslində isə bu, çox əhəmiyyətli məsələdir. Amma sevindirici haldır ki, Azərbaycanda bu istiqamətdə təşəbbüslər var".
E.Hüseynovun sözlərinə görə, bir müddət əvvəl Yaponiyanın "Mazda" şirkətinin avtomobilini alan vətəndaş texniki nasazlıq olduğu üçün onu qaytarmaq istəyib, amma avtomobil rəsmi satış nöqtəsindən alınmadığı üçün bu, baş tutmayıb: "Biz hətta Yaponiyaın ölkəmizdəki səfirliyinə də müraciət etdik, lakin istədiyimizə nail ola bilmədik. Bildirdilər ki, alıcı onu rəsmi distribütordan almayıb. Azərbaycanda liberal bazar iqtisadiyyatıdır, kim hardan istəsə mal gətirib satır. Bu, bir yandan yaxşıdır, amma çox təəssüf ki, belə hadisələr də olanda alıcıların hüquqlarını müdafiə etmək olmur. Lakin bütün bunlara baxmayaraq, biz düşünürük ki, "Mazda" şirkəti həmin avtomobili geri çağıraraq onun problemini aradan qaldırmalı idi. Şirkət burda haqsızlıq edib".
İqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, tanınmış avtomobil şirkətlərinin məhsullarının geri çağırılması hallarına Azərbaycanda da rast gəlinir: "Aparılan monitorinqlər, eyni zamanda avtomobil istehsalçılarının Bakıda yerləşən nümayəndəliklərinin yaydığı açıqlamalar onu göstərir ki, Azərbaycan vətəndaşlarının da sahib olduğu avtomobillərin geri çağırılması praktikası var:
"Avtomobillərin geri çağırılması onların mühərrikinin nömrəsinə uyğun olaraq həyata keçirilir. Bu zaman təbii ki, avtomobilin hansı ölkədə olduğu, onun sahibi müəyyənləşdirilir və ona geriçağırılma haqda məlumat verilir. Hətta bəzi hallarda avtomobil bir neçə il istifadə edildikdən sonra onun geri çağırılması həyata keçirilir. Beynəlxalq praktikada avtomobil sahibinə onun avtomobilinin eyni markadan olan digər avtomobillə dəyişdirilməsi təklif olunur. Əgər avtomobil sahibi buna razı deyilsə, o zaman ona kompesasiya təklif olunur və razılıq olduğu halda ödənilir. Bəzi hallarda avtomobil sahibi istifadə etdiyi avtomobilin geri çağırılmasını istəmir, kompensasiya da almır və avtomobili idarə etməkdə israrlı olur, bu halda o, məlumatlandırıldığı üçün özü məsuliyyət daşıyır. Belə olduqda da şirkətlə avtomobil sahibi arasında bu hala dair müqavilə bağlanır. Əgər avtomobil rəsmi nümayəndədən alınıbsa, onun tapılması və sahibinin hüquqlarının təmin olunması xeyli asandır. Ən ciddi problemlərdən biri ondan ibarətdir ki, azərbaycanlılar adətən avtomobillərini digər ölkələrdən alırlar. Bu zaman geri çağırılma, kompensasiya və s. kimi məsələlər çətinlik yaradır. Bu halda, yəni avtomobil sahibi tapılmadığı halda, təəssüf ki, sonradan yaranmış hər hansı problem zamanı onun hüquqlarını qorumaq mümkün olmur. Avtomobil sahiblərinin hüquqlarının pozulması - əgər bunu belə adlandırmaq olarsa - yalnız avtomobilin tapılmaması halında baş verir. Digər hallarda bu hüquqlar qorunur".