Avtomobil sahibləri hansı yenilikləri istəyirlər?

8 Avqust 2014 20:20
Avtomobillərdəki bir çox texnoloji yeniliklər maşın sahiblərinə lazım deyil. ABŞ-ın nüfuzlu  J.D. Power konsaltinq şirkətinin 2014-cü il araşdırması bu nəticəyə gəlib. Şirkətin İlkin Keyfiyyət Dəyərləndirilməsi (Initial Quality StudySM (IQS)) tədqiqatı 86 min avtomobil sahibini əhatə edib.

Milli.Az auto.az-a istinadən bildirir ki, araşdırmaya görə, yeni avtomobillər dizaynı və yaratdığı xüsusi emosiyalarla diqqəti cəlb edirsə, bir qədər işləndikdən sonra avtomobil sahibi onun funksionallığına diqqət yetirir. Bu zaman avtomobil sahibi ilk baxışda onun diqqətini cəlb edən yeniliklərin ona heç də lazım olmadığını hiss edir. Səs tanıma sistemləri, bəzi naviqasiya qurğuları buna nümunədir.

Yanacaq sərfinə qənaət və interyerin təkmilləşmiş dizaynı həm yeni, həm də işlənmiş avtomobil sahiblərinin sevinclə qəbul etdiyi yeniliklərdir. Lakin təəssüf ki, çox zaman at gücünü, performans qabiliyyətini artıran brendlər bu amili nəzərə almırlar.

IQS tədqiqatına görə, avtomobilin alındığı vaxtdan ilk 90 gün ərzində problemli çıxması maşın sahibinin növbəti seçiminə təsir göstərir və brendə loyallığını itirir.

Araşdırma nəticəsində yenilikləri razılıqla qarşılanan premium brend Porsche, qeyri-premium brend isə Hyundai olub.

Milli.Az