Əli Həsənov: "Ermənistan hökuməti cəbhədəki vəziyyəti gərginləşdirməklə əhalinin diqqətini ölkədəki problemlərdən yayındırmaq istəyir"

5 Avqust 2014 08:49
Ermənistan hökuməti cəbhədəki vəziyyəti gərginləşdirməklə əhalinin diqqətini ölkədəki problemlərdən yayındırmaq istəyir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bu barədə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov Yaponiyanın "TV Tokio" telekanalına müsahibəsində deyib.

Müsahibədə Ə.Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi və ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında məlumat verib. Baş nazirin müavini bildirib ki, son 200 il ərzində Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülmə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar:

"Ermənistan dövləti Azərbaycanın tarixi torpaqları hesabına yaradılıb. Qədim Azərbaycan şəhərlərindən olan İrəvan hazırda Ermənistan dövlətinin paytaxtıdır".

Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinə toxunan baş nazirin müavini münaqişə nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunduğunu, bir milyon iki yüz min soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini, milli-mədəni sərvətlərimizin talan edildiyini, bütün infrastrukturun dağıdıldığını diqqətə çatdırıb.

Komitə sədri vurğulayıb ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında dörd qətnamə qəbul olunub:

"Ermənistanın təcavüzkar siyasəti Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərar və qətnamələrdə pislənilib. Təəssüf ki, bu qərar və qətnamələr hələ də icra olunmayıb. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 20 ildən artıqdır davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməyib".

Ə.Həsənov deyib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı dəstələri və keçmiş SSRİ-nin Xankəndidə yerləşən, o dövrün müasir döyüş silahları ilə silahlanan 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı cinayətini həyata keçirib. Nəticədə 613 dinc sakin amansızlıqla öldürülüb. O qeyd edib ki, artıq dünyanın bir sıra dövlətləri bu faciəni soyqırımı kimi tanıyır.

Komitə sədri bildirib ki, Ermənistanın silahlı qüvvələri son günlər fəallaşaraq qoşunların təmas xəttində vəziyyəti gərginləşdirmək istəyir. Bir neçə dəfə erməni kəşfiyyat qrupları Silahlı Qüvvələrimizin mövqelərinə basqınlar edib:

"Bunun səbəbi odur ki, hakimiyyət son 20 ildə ölkədə heç bir iş görməyib, artıq erməni xalqı ayağa qalxıb. Ermənistan hökuməti cəbhədəki vəziyyəti gərginləşdirməklə əhalinin diqqətini ölkədəki problemlərdən yayındırmaq istəyir".

Yaponiya-Azərbaycan əlaqələrindən də danışan baş nazirin müavini iki ölkə arasında yaxşı münasibətlərin olduğunu, qarşılıqlı səfərlərin bu münasibətlərin inkişafında xüsusi rol oynadığını bildirib. Yaponiyanın bir sıra humanitar təşkilatlarının Azərbaycanda uğurlu layihələr həyata keçirdiyini deyən Ə.Həsənov bu ölkənin "Fuji Optical" şirkətinin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. Komitə sədri qeyd edib ki, bu şirkət 19 minə yaxın görmə qabiliyyəti zəif olan azərbaycanlı məcburi köçkünü eynəklərlə təmin edib.

Qeyd edək ki, erməni silahlı qüvvələri son dövrlər cəbhə xəttində atəşkəs rejimini daha intensiv pozur. İyulun 31-dən avqustun 1-nə keçən gecə isə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Digər kəşfiyyat-təxribat cəhdi isə avqustun 1-dən 2-nə keçən gecə baş verib. Lakin Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində hər iki təxribatın qarşısı alınıb. Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Milli.Az