Cəbhədə son durum - YENİLƏNİB

4 Avqust 2014 11:46
11:46

Qısa müddətli atəşkəs pozuntuları istisna olmaqla, ötən gecə cəbhədə ermənilərin aktivliyi qeydə alınmayıb.

APA-nın Goranboy rayonunun Gülüstan kəndi istiqamətində ön mövqedə olan əməkdaşının verdiyi məlumata görə, Azərbaycan əsgərləri düşmənin bütün hərəkətlərini nəzarətdə saxlayır.

Düşmən mövqelərindən ön xəttə gələn avtomobil yolu, orada olan bütün hərəkətlər, düşmənin postları tamamilə Azərbaycan hərbçilərinin nəzarəti altındadır. Baş verən dəyişikliklərə tam nəzarət olunur.

Cəbhənin bu istiqamətində düşmənin son diversiya-təxribat cəhdi iyulun 31-dən avqustun 1-nə keçən gecə baş verib.

Ərazinin müdafiəsinə cavabdeh olan hərbi hissənin tabor komandiri Vüsət Xanıyev APA-ya açıqlamasında bildirib ki, hadisə baş verən gecə erməni diversiya qrupu iki istiqamətdə Azərbaycanın ön xətdəki postuna yaxınlaşmasını müşahidə edən hərbçilərimiz onlara cavab atəşi açıblar. Baş verən atışmada Azərbaycan Ordusunun kiçik çavuşu Elvin Əsgərov yaralanıb. Hazırda o, hospitalda müalicə olunur, vəziyyəti yaxşıdır.

Atışma baş verən anlarda taborun ehtiyat qüvvələri köməyə gələrək təxribat qrupunu cavab atəşi ilə geri oturdub. Düşmənin itki verdiyi ehtimalı var. Hazırda vəziyyət tam nəzarətdə saxlanılır.

Bir neçə gün öncə ermənilərin bir hərbçisi Azərbaycan Ordusunun snayperi tərəfindən məhv edilib.

Ötən gün müdafiə naziri Zakir Həsənov ərazidə olub. Düşmənin hücumunun dəf edilməsində qəhrəmanlıq göstərən hərbi qulluqçular nazir tərəfindən medal və qiymətli hədiyyələrlə təltif ediliblər.

---------
10:24

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 130 dəfə pozulub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və ötən gecə Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Çinari, Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Qaralar, Koxanəbi, Hacıalılı, Ağdam və Əlibəyli kəndlərində, Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Noyemberyan rayonunun Barekamavan, Şavarşavan, Dovex və Voskevan, İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Vozaşen, Berkaber və Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Fərəhli, Kəmərli, Quşçuayrım, Qaymaqlı, Məzəm, Qızılhacılı və Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.

Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şuraabad, Qaraqaşlı, Şıxlar, Baş Qərvənd, Sarıcalı, Kəngərli, Cəvahirli, Nəmirli kəndləri, Füzuli rayonunun Horadiz şəhəri, Qorqan, Qaraxanbəyli, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Tərtər rayonunun Çiləbürt, Çaylı, Qızıl Oba, Göyarx, Seysulan, Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

---------
09:09

Ötən gecə cəbhə xəttində atəşkəs yenidən pozulub.

Anspress-in verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdamın işğal altında olan Güllücə və Nəmirli kəndlərindən Azərbaycan ordusunun üzbəüz mövqelərini atəşə tutub.

Qarşı tərəf iriçapılı pulemyotlarla və işıq saçan güllələrlə atəş açıb.

Mənbənin bildirdiyinə görə, Orta Qərvənd istiqamətində də atəşkəs pozulsa da bu hal təxminən yarım saat davam edib.

Milli.Az