Cəbhə xəttindəki son durum barədə Müdafiə Nazirliyindən açıqlama - YENİLƏNİB

3 Avqust 2014 13:26
13:26

Bu gün cəbhə xəttində ötən günlərə nisbətən sakitlikdir. Ara-sıra atışma halları olsa da, bu artıq iriçaplı deyil, kiçik çaplı, əsasən avtomat silahlardan istifadə edilməklə baş verir.

Bunu Trend-ə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.
V.Dərgahlının sözlərinə görə, ermənilər avqustun 2-də və 3-nə keçən gecə, demək olar ki, bütün cəbhə boyu atəşkəsi pozublar:

"Ermənistan silahlı qüvvələri istər Ermənistan ərazisindən, istərsə də işğal etdikləri Azərbaycan ərazilərindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar. Ümumilikdə cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi 190 dəfə pozulub. Bütün hallarda Azərbaycan Ordusu tərəfindən düşmənə layiqli cavab verilib".

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, atəşkəsin pozulması zamanı Azərbaycan Ordusu tərəfindən ölən və ya yaralanan olmayıb.

----------
11:05

Erməni silahlı birləşmələri tərəfindən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən anspress-ə verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 190 dəfə pozulub.

Erməni silahlı bölmələri dünən və ötən gecə Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Çinari, Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Koxanəbi, Ağdam və Əlibəyli kəndlərində, Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Noyemberyan rayonunun Barekamavan, Şavarşavan, Dovex və Voskevan, İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Vozaşen, Berkaber və Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Fərəhli, Kəmərli, Quşçuayrım, Qaymaqlı, Məzəm, Qızılhacılı və Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.

Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şuraabad, Qaraqaşlı, Şıxlar, Baş Qərvənd, Sarıcalı, Kəngərli, Nəmirli kəndləri, Füzuli rayonunun Horadiz şəhəri, Qorqan, Qaraxanbəyli, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Tərtər rayonunun Çiləbürt, Çaylı, Qızıl Oba, Göyarx, Seysulan, Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

---------
10:05

Son günlər daha da fəallaşan Ermənistan ordusu ötən gecə də atəşkəsi pozub.

Milli.Az anspress-ə istinadən bildirir ki, erməni hərbi birləşmələri cəbhənin Tərtər və Ağdam istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini 20 dəqiqəyə yaxın atəşə tutublar.

Atışma zamanı iriçaplı silahlardan istifadə olunduğu bildirilir. Ağır artilleriyadan atəş açılmayıb. Cəbhə xəttində zenit-raket qurğularından istifadə faktı qeydə alınmayıb. İndiyə olan məlumata görə, atışma nəticəsində xəsarət alan olmayıb.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Hazırda bölgədə sakitlik hökm sürür.

Milli.Az