Windows XP hələ "ölməyib"

2 Avqust 2014 21:55
Məlum olduğu kimi, 2014-cü ilin aprelində Microsoft korporasiyası rəsmi şəkildə Windows XP əməliyyat sisteminin (ƏS) dəstəyini dayandırıb, yəni artıq bu ƏS üçün üç aydır ki yeniləmə paketi buraxılmır və bu platforma ilə işləyən kompüterlər hücuma meyillidirlər.

Buna baxmayaraq, köhnə ƏS bir çox şirkətlərdə hələ də istifadə olunur. Adaptiva şirkəti tərəfindən keçirilmiş sorğunun nəticələri bunu təsdiq edir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Microsoftun İT mütəxəssis və korporativ tərtibatçılar üçün TechEd North America 2014 konfransının iştirakçıları arasında keçirilmiş tədqiqat nəticəsinə əsasən, respondentlərin 53%-i bildirib ki, onların təşkilatlarında hələ də Windows XP sistemi ilə işləyən kompüterlər var. 

Qeyd edək ki, tədqiqat iştirakçılarının təxminən 43%-ni 10 mindən çox FK-yə (masaüstü, noutbuk və serverlər daxil olmaqla) malik şirkətlər təmsil edib, onların 13%-də istifadə edilən FK-in sayı 100 mini ötür, ona görə XP sisteminin populyarlığı əvvəlki kimi kifayət qədər böyükdür.

Milli.Az