"Ölkəmizi tanıyaq" devizi ilə maarifləndirici tur-aksiyalar başlayır

31 İyul 2014 18:25
Ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərinin təşkilinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, 67 şəhər və rayondan 14 minə yaxın IX-XI sinif şagirdini əhatə edəcək "Ölkəmizi tanıyaq" devizi ilə maarifləndirici tur-aksiyaların keçirilməsi nəzərdə tutulmuşdur.

AzərTAc xəbər verir ki, aksiya çərçivəsində ölkə gəncləri Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Quba, Qusar, Xaçmaz, Şamaxı, İsmayıllı, Qəbələ və digər bölgələrdə qədim tarixi, mədəniyyət abidələri, regionlarımızın müasir simasını əks etdirən Heydər Əliyev mərkəzləri, tarix-diyarşünaslıq muzeyləri, gənclər mərkəzləri, Bayraq meydanları, rəsm qalereyaları və s. obyektlərlə tanış olacaqlar.

Bu gəzintilər ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, gənclərimizə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradacaqdır.
Avqust ayının 1-dən sentyabrın 6-dək keçiriləcək ekskursiyaların birinci mərhələsində 53 şəhər və rayondan 2500-ə yaxın şagird iştirak edəcəkdir.

İkinci və üçüncü mərhələ isə müvafiq olaraq 2014-cü ilin noyabr və 2015-ci ilin mart aylarında təşkil olunacaqdır.

Milli.Az