Bakı sakinlərinə kanalizasiya suyu içirirlər?

31 İyul 2014 12:36

Plastik qablar insan sağlamlığının düşmənidir, xaricdən gətirilən məhsullar isə çox bahadır

Azərbaycanda əhaliyə satılan suyun keyfiyyətinə görə cavabdeh qurum yoxdur.

Su həyat mənbəyidir - bunu bilməyən yoxdur. Amma indi elə bir dövrdə yaşayırıq ki, həyat mənbəyi adlandırdığımız su, həyatımızın sonunu düşündüyümüzdən də tez gətirə bilər.

Dünya mütəxəssislərinin araşdırmalarına görə, plastik qablardakı sular və ya digər müxtəlif növlü spirtsiz içkilər ölümcül xəstəliklərin inkişafına gətirib çıxarır. Araşdırmaçıların verdiyi rəylərdə plastik qablardakı içkilərdən istifadə edən insanlarda ürək-damar və şəkər xəstəliklərinin riskinin çoxalması yer alır. Bu, plastik qabların tərkibində olan bisfenol-A maddəsi ilə bağlıdır. Xatırladaq ki, bu maddədən nəinki pivə və su istehsalında, həmçinin uşaq üçün nəzərdə tutulmuş su qablarının, oyuncaqların istehsalında da istifadə edilir. Plastik su qablarından və birdəfəlik istifadə edilən qab-qacaqlardan əlavə, bisfenol-A CD və DVD disklərin istehsalında da istifadə olunur.

Digər tədqiqatlar göstərir ki, plastik qabdan içilən su insanların səhhətinə ciddi ziyan vura və depressiyaya gətirib çıxara bilər. Almaniyalı professor Vilyam Şotikin apardığı tədqiqatlar əsasında belə bir qənaətə gəlib. O plastik qabda olan suyun insan orqanizminə neqativ təsir göstərən antimon kimyəvi maddəsini aşkar edib.

ABŞ-ın Milli Toksikoloji proqramının ekspertləri illər öncə keçirdikləri təcrübənin nəticələrini açıqlayarkən bildirmişlər ki, bisfenol-A (bisphenol 2,2-Di (4-hidroksifenil)propan) prostat və süd vəzi xərçənginin inkişafına yol açır.

Nə etməli? Azərbaycanda, demək olar ki, bütün sular və bir çox şirələr plastik qablarda satılır. Bəlkə, bir az zəhmət çəkib yalnız şüşə qablardakı suları alıb istifadə etməliyik? Onların qiyməti hamını razı salırmı?

Avropa ölkələrində və ABŞ-da şüşə butulkada satılan sulara tələbat get-gedə azalır. Asiya, Avstraliya, Afrika və Şərqi Avropa ölkələrində isə əksinə, tələbat artır. Buna baxmayaraq, Kanadanın səhiyyə naziri Toni Klement yaxın gələcəkdə ölkədə ümumiyyətlə, plastik qablardakı suların satışına qadağa qoyacaqlarını bildirib. Ehtimal var ki, eyni qanunu yaxın gələcəkdə ABŞ-ın Kaliforniya ştatında da qəbul edəcəklər.

Bəzi istehlakçılar bazarda satılan xarici brendlərə məxsus suların "qlamurlar" üçün nəzərdə tutulduğunu deyirlər. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da bu fikirdədir. O, xaricdən gətirilən suların qiymətinin həddindən artıq şişirdildiyini bildirir: "Onlar yerli sulardan qiymətindən on dəfə baha olsa da, keyfiyyətcə elə bir fərqi yoxdur". Su İstehsalçılar Birliyinin sədri Dövlət Məmmədov da bu fikri təsdiqləyərək "Yerli sularımızın keyfiyyəti gətirilən sulardan qat-qat yüksəkdir. Gətirilən suların mənbəyi, onun çıxarıldığı məkanın yaxınlığında bataqlığın və ya hər hansı bir kimyəvi zavodun olub-olmadığı bizə məlum deyil. Lakin satılan yerli sularda bu cür təhlükə yaradacaq məqamların olmadığını bilirik", - deyə o bildirdi.

Bəzi mütəxəssislər içilən suyun tərkibindən və onun insan səhhətinə ziyan gətirməyəcəyindən tam əmin olmaq üçün şüşə butulkalarda olan sulardan istifadə etməyi tövsiyə edirlər. Aparılan tədqiqatlar onu da göstərir ki, şüşə butulkalara tökülən hormonobənzər maddələrin tərkibi göstəricilərinə görə plastik qablardakından iki dəfə aşağı olur.

Əgər hansısa səbəblərdən siz yenə də plastik butulkaları tərcih edirsinizsə, o zaman, diqqət yetirin ki, aldığınız məhsul möhkəm plastik qabda olsun - belə qabların tərkibində digərlərindən daha az plastifikator olur.

Qeyd: Heç vaxt plastik qabı təkrar istifadə etməyin.

Belə qabları qaynar su ilə yumaq, qabda olan yeməyi mikrodalğalı sobada qızdırmaq olmaz: isitmə zamanı bisfenol-A maddəsi 55 dəfə artır. Uşaqlarınıza plastik yox, şüşə və ya farfordan istehsal edilmiş qablar alın. Körpələrin qidalandırılması üçün nəzərdə tutulmuş plastik butulkalar xüsusi ilə təhlükəlidir - onları tez-tez yuyur və qaynar suda sterilizə edirlər. Özünüz düşünün - körpələr üçün şüşə butulka daha təhlükəsizdir.

Avstraliya universitetinin mütəxəssisləri belə suların istifadəsində xeyirdən çox zərərin olduğunu bəyan edirlər. Onlar bunu keçirdikləri kimyəvi analizin verdiyi nəticələrlə izah edirlər. Analizin nəticələrinə görə, suyun tərkibində dezinfeksiya elementini daşıyan maddələrin, əczaçılıq preparatlarının və digər ximikatların olduğu aşkar edilib.

Alimlərin dediyinə görə, adi krandan gələn su insan orqanizminə bu qədər ziyan vurmur. Lakin avstriyalı alimlər evlərimizdəki krandan gələn suyun analizini çıxarsalar, əminəm ki, fikirləri tamam fərqli olar...

Eyyub Hüseynov bildirdi ki, İqtisadiyyat və Sənayə Nazirliyi yanında və "Təmiz Şəhər" ASC ilə birgə komissiya yaradılıb, Azad İstehlakçılar Birliyi də bu komissiyaya üzv olub. "Çox güman ki, avqust ayının 1-də növbəti yığıncaq baş tutacaq. Bu görüşdə plastik qablardan imtina barəsində məsələ qaldıracağam. Plastik qablar ətraf mühiti çirkləndirir. Dünən Hacıkənddən gəlmişəm. Ən gözəl istirahət məkanlarından biri olan kənd plastik qablarla o qədər çirklənib ki, hazırda orada dəhşətli bir mənzərə yaranıb. Azərbaycanın ətraf mühiti bu qablarla çirkləndirilir".

"Yalnız dövlət standartlarına, gigiyenik tələblərə cavab verdikdə su gigiyenik konteynerə yerləşdirilərək satışa buraxılır və istehlakçıların istifadəsinə yararlı hesab edilir. Bunlarla bərabər suyun dadı şirinləşdirilməməli və hər hansı bir qatqı əlavə edilməməlidir" - bu tərif Şüşələşdirilmiş Su Beynəlxalq İttifaqı tərəfindən müəyyən edilib. (IBWA).

Su İstehsalçıları Birliyinin sədri yerli suların keyfiyyəti ilə bağlı bildirdi ki, aidiyyatı qurumlar su istehsalçılarına ildə bir dəfə sertifikat verirlər. Nəticə etibarı ilə onların fəaliyyətinə, gigiyenik qaydalara riayət edib-etmədiklərinə nəzarət edən olmur. Bizimyol.info əməkdaşının "bu nəzarət hansı qurum tərəfindən həyata keçirilməlidir" sualına isə D.Məmmədov ölkədə belə bir qurumun olmadığını bildirdi: "Ümumiyyətlə, ölkədə ticarət nazirliyi olmadığına görə ticarət sahəsindəki problemlər də həllini tapmır. Hal-hazırda fəaliyyət göstərən qurumların heç bir səlahiyyəti yoxdur ki, suyun keyfiyyətini yoxlasınlar. Əgər bu gün küçədə istifadəyə yararsız məhsul tapılsa, onu tapan şəxs Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə və ya Sanitar Epidemioloji Stansiyaya şikayət etsə belə, bu qurumların o mağazanı bağlamağa səlahiyyətləri çatmır. Aidiyyatı qurumlar Ədliyyə Nazirliyinə məktub yazıb icazə almalıdırlar, bu da 2-3 gün vaxt tələb edəcək. Həmin 2-3 gün ərzində isə istifadəyə yararsız məhsul artıq satıla bilər. Ümumiyyətlə, qanunvericilikdə elə bir dəyişiklik etmək lazımdır ki, aidiyyatı qurumlar insan orqanizmi üçün təhlükəli hesab edilən məhsulları aşkar etdikdə onu satışdan çıxara və yaxud onu istehsal edilən müəssisənin fəaliyyətini dayandırmağa səlahiyyətləri çatsın".

D.Məmmədov belə bir qurumun yaradılması ilə bağlı bir neçə dəfə məsələ qaldırdığını bildirdi: "Dünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən və ölkədə ərzaq təhlükəsizliyi qanununa uyğun olaraq belə bir qurumun yaradılması vacibdir. Bununla bərabər ticarətə, səhiyyəyə nəzarət edən dövlət orqanları bu sahə üzrə fəaliyyət göstərən QHT-lərlə birgə işləməlidirlər. Əfsuslar olsun ki, ölkəmizdə buna əməl olunmur. Dövlət qurumları QHT-lərlə işləmək istəmirlər. Lakin onların nizamnamələrində qeyd edilib ki, insanların sağlamlığına zərər vuran sənaye və ərzaq məhsullarını bazardan xaric etmək üçün bu qurumlar QHT-lərlə birgə çalışmalıdırlar".

Maraqlıdır, istehsalçıların bazara çıxartdığı saxta məhsullarla bağlı hansı tədbirlər görülür?

D.Məmmədovun sözlərinə görə, bu, istehsalçıları maraqlandırmır: "Bunu heç kim araşdırmır. Mağazalarda satılmayan sular, şirələr, limonadlar şadlıq evlərində toy süfrələrində insanlara verilir. Bunların hamısı saxta və keyfiyyətsiz məhsullardır. Ən dəhşətlisi odur ki, bəzi su istehsalçıları suyu kranlardan deyil, Bakıda olan su quyularından doldururlar. Bu quyulardakı sulardan istifadə etmək qeyri-mümkündür. Onlar keyfiyyətsiz, demək olar ki, kanalizasiya səviyyəsində olan sulardır. Əfsuslar olsun ki, bu quyulardan götürülən suları müxtəlif filtrlərdən keçirərək, 19 litrlik qablara doldurub əhaliyə satırlar", - deyə D.Məmmədov durumun düşündüyümüzdən də pis olduğunu bildirdi.

"Bizim Yol" qəzeti