Azərbaycan Rusiyadan döyüş təyyarələri alacaq

29 İyul 2014 14:56

Azərbaycanın hərbi pilotları artıq təyyarədə uçuşlar həyata keçirib, texniki-taktiki göstəriciləri ilə yaxından tanış olublar

Rusiya Azərbaycana Yak-130 (NATO kodu "Mitten") təlim-döyüş təyyarələrinin ixracına hazırlaşır.

Bu barədə APA-ya təyyarənin istehsalçısı olan "İrkut" şirkətindən məlumat verilib.

Rusiya tərəfi təyyarənin Azərbaycan Hərbi Hava Qüvvələri üçün təqdimatını keçirib.

Ötən il Rusiyada səfərdə olan Azərbaycanın hərbi pilotları təyyarədə uçuşlar həyata keçirib, texniki-taktiki göstəriciləri ilə yaxından tanış olublar.

"Bəzi prosedurlar həyata keçirilir. Düşünürük ki, Azərbaycan yaxın gələcəkdə Yak-130 istifadəçisi olan ölkələr siyahısında yer alacaq", - deyən şirkət nümayəndəsi Azərbaycanın konkret olaraq neçə təyyarə alacağını açıqlamayıb.

İkiyerli təlim-döyüş təyyarəsi olan Yak-130 "4++" və "5"-ci nəsil döyüş təyyarələrinin pilotlarının hazırlanması üçündür.

Təyyarənin silahlanmasında idarə olunan və olunmayan raketlər yer alır. Hazırda bu təyyarələr Rusiya, Belarus və Əlcəzairin silahlanmasında yer alır.

Milli.Az