Yenə də növbəti Ramazan ayı başa çatır və yenə də hər il olduğu kimi növbəti "əllamələr" peyda olaraq öz düşüncələrini zorla hamıya qəbul etdirmək üçün dəridən qabıqdan çıxır, çaşğınlıq salır, onlar kimi düşünməyənləri təhqir etməyə başlayırlar.
Hər il eyni məsələ üzrə dəfəflərlə izah verilsə də, bu "əllamələr" öz dediklərindən əl çəkmək istəmirlər. Odur ki, bu dəfə dərinə getməyib, bayramla bağlı bir neçə faktı nəzərə çatdıracağıq:
1. Keçən illərdə də dediyimiz kimi yeni ayın müəyyən olunmasında İslam məzhəbləri, hətta eyni məzhəb alimləri arasında fikir ayrılığı mövcuddur. Bəziləri yeni qəməri ayı hesablamaqla müəyyən etməyi kafi hesab edir və gözlə görməyə lüzum görmür, bəziləri yeni ayın hilalının dünyanın hansı nöqtəsində görünməsindən asılı olmayaraq yeni ayın başlandığını hesab edir, bəziləri isə hilalın yalnız həmin region (üfüqləri eyni olan) üçün gözlə görünməsini vacib bilirlər. Ona görə də Ramazan ayının başlanması və bitməsi haqda müxtəlif fikirlərin olması təbiidir, burda anormal heç nə yoxdur. Əlimizdə olan hədis kitablarındakı rəvayətlərə görə də hətta səhabələr arasında da bu fikir ayrılığı mövcud olub. Bu, alimlərin işidir və müsəlmanlar elminə yəqini olduqları alimlərə etibar etməkdə azaddırlar. Bu barədə elmi bəhs etmək olar, amma insanları ittiham etmək, hamını onun "ağlına" tabe olmağa məcbur etməyə cəhd etmək ağlının azlığının göstəricisidir.
2. Şamaxı rəsədxanasından hansısa elmi işçi "fətva" verərək yeni ayı elan etsə də, keçən illərdə də qeyd etdiyimizi həmin "elmi işçilər" üçün təkrar etməyə məcburuq: astronomik yeni ay ilə, şəri yeni ay arasında ciddi fərq var! Astronomik yeni ay - Günəş, Ay və Yer planetinin eyni düz xətt üzrə durması anına deyilir. Bu zaman və bu hadisədən azı 16 saat sonraya qədər Ay Yerdən görünmür və yeni şəri qəməri ayının başlanması hesab oluna bilməz. Həmin "elmi işçilərə" fətva verməzdən əvvəl bir az da dini cəhətdən yeni ayın şərtlərini oxumağı məsləhət görürük.
3. Yerli "elmi işçilərimiz"in "fətva"larına baxmayaraq onların diqqətinə dünyanın bütün digər astronomlarının Ayın görünməsi haqda tədqiqat və hesablamalarını çatdırmaq istəyirik: Belə ki, bütün astronomik mərkəzlər yekdilliklə hesab edir ki, 27 iyulda Ay yalnız Polineziyanın bəzi adaları üçün üfüqdən yuxarı olacaqdır və görünməsi mümkündür, dünyanın digər heç bir nöqtəsində isə görünməyəcəkdir. 28 iyulda isə Ay Cənubi və Mərkəzi Amerika, Afrika, Cənubi Asiya, Avstraliya, Yeni Zelandiya kimi regionlarda görünəcək. Yəni üfüq baxımından demək olar ki, bütün dünya üçün. Bayramın Ay görünəndən sonrakı gün qeyd edildiyini nəzərə alsaq, dünyanın əksər ölkələri üçün Ramazan bayramı 29 iyula təsadüf edir.
Ayın 28 iyulda Asiyanın şimalı, Avropa, Şimali Amerika, Rusiya, Çində görünməyəcəyini nəzərə alaraq, ola bilər Ayı öz gözü ilə görməyi şərt bilənlər arasında hətta 30 iyulda bayram edənlər də olsun. Bu da onların öz rəyi və öz işidir.
4. Qısası, Bayramı mütləq iyulun 28-də qeyd etməyi zəruri bilənlərin nə elmi, nə də şəri dəlilləri hamı üçün keçərli dərəcədə deyil, amma öz işləridir. Azərbaycan ərazisində Ramazan bayramının 29 iyulda qeyd edilməsi üçün bütün elmi və şəri dəlillər mövcuddur.
5. Nəhayət, bu il də "əllamələrimizin" dediklərinin əksinə olaraq dünya ölkələrinin çoxu Ramazan ayına Azərbaycan ilə eyni vaxtda - 29 iyunda başlamışdı və görünən budur ki, Ramazan 30 gün hesab olunsa, bayram da 29 iyulda bərabər qeyd ediləcək.
P.S. Bir qədər sonra, gün batandan sonra müsəlman ölkələrində şəri fətvalar verildikcə, hansı ölkələrin 28 iyulda, hansıların 29 iyulda bayram edəcəyi haqda məlumatlar verəcəyik. Azərbaycan üfüqü üçün də dəyişiklik olsa, xəbəri saytda yerləşdirəcəyik.
Amma hazırda QMİ də daxil olmaqla, verilmiş yekdil rəyə əsasən Azərbaycan üçün Bayram 29 iyula müəyyənləşdirilib.