İsraillilərlə fələstinlilər arasında raket müharibəsi kimə və niyə sərf edə bilər?
Bu yaxınlarda - hələ iyunun əvvəlində İsrail prezidenti Şimon Peres və Fələstin lideri Mahmud Abbas birlikdə dua etmək üçün Vatikanda Roma Papası Fransiskə qoşulmuşdular. Peres və Abbas Allahdan sülh diləyirdilər. Cəmi bir ay sonra isə israillilərlə fələstinlilər arasında qarşıdurma yenidən "qaynar" mərhələyə qədəm qoydu...
Fələstinli yaraqlılar İsrail ərazisinə kütləvi raket zərbələri endiriblər. Reaktiv mərmilər nəinki Qəzza ilə qonşu olan bölgələrə, hətta Təl-Əvivə, Hayfaya, Eylata və nüvə reaktorunun olduğu Dimonaya da yönəldilib. Yalnız "Dəmir günbəz"in (raket əleyhinə sistemlərdən ibarət şit) hesabına gündəlik bombardmanlar israillilərə, demək olar ki, heç bir zərər vurmur. Raketəleyhinə yeni sistemlər İsrail ordusuna 2011-ci ildə verilib. Bu sistemlər qiymətinin bahalığına, effektivliyinin isə azlığına görə (hər bir raketin "tutulması" 50 min dollara başa gəlir), tənqid olunsalar da, hələlik öz funksiyasını kifayət qədər yaxşı yerinə yetirirlər.
İsrailin üzləşdiyi hücumlara cavabına gəlincə, onlar bunu Hərbi Hava Qüvvələri vasitəsilə həyata keçirirlər - fələstinlilərin müxtəlif obyektləri (raket atışı nöqtələri, təlim düşərgələri, bazaları) HHQ tərəfindən bomdardman edilir. Zərbələrə məruz qalmış obyektlər arasında silah anbarı və ya "İslami-Cihad" qruplaşmasının yaraqlıları üçün baza olduğu iddia edilən məscid də var. Fələstinlilər də "borclu qalmamağa" çalışırlar. Ən azı, dronlardan istifadə olunur - "Patriot" sistemi İsrailin cənubundakı Aşdod şəhəri üzərində "İzz ad-Din əl-Kəəsam" briqadası tərəfindən buraxıldığı güman edilən pilotsuz uçan aparatı vurub.
İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-ın infrastrukturunun dağıdılmasına yönəlmiş "Sarsılmaz qaya" əməliyyatına başlanılması əmrini iyulun 8-də verib. Buna iyunun 12-də 3 israilli gəncin oğurlanması və bir neçə həftə sonra onların cəsədinin tapılması olub. Gənclərin axtarışı kütləvi həbslərlə müşayiət olunub. Əməliyyat zamanı, ən azı, 300 nəfər həbs edilib və onların arasında 10-dan artıq HƏMAS üzvü olan deputat da var.
Bundan başqa, İordan çayının qərb sahilində yaşanan toqquşmada 7 fələstinli həlak olub. Yəhudi gənclərin qətlinə görə məsuliyyəti sələfilərə məxsus "Daulat əl-İslam" qruplaşması öz üzərinə götürüb. Benyamin Netanyahu isə baş verənlərə görə məsuliyyəti HƏMAS-ın üzərinə qoyub. İsraildə belə bir fikir yaranıb ki, israilli hərbçi Gilad Şalitin əksəriyyəti terror aktlarının hazırlanmasında günahlandırılan yüzlərlə fələstinli ilə dəyişdirilməsindən sonra, HƏMAS gələcəkdə başqa silahdaşlarını da azad etmək məqsədilə girovlar "toplamaq" qərarına gəlib. "The Washington Post" yazır ki, israilli məmurlar hədəf kimi konkret olaraq HƏMAS-ın "müəmmalı lideri" Saleh əl-Arurini göstərir və israillilərin oğurlanmasında məhz ondan şübhələnirlər. Əl-Aruri uzun illər İsrail həbsxanasında yatsa da, bu onun terror taktikasından imtinasına səbəb olmayıb.
Bu arada iyulun əvvəlində Qüdsdə 16 yaşlı fələstinli Məhəmməd Əbu Hdeyrin yanmış cəsədi tapılıb. Fələstin lideri Mahmud Abbas buna görə günahı İsrailin üzərinə qoyub, HƏMAS isə İsrail ərazilərinə raket zərbələri endirməyə başlayıb.
İsrailin müdafiə naziri Moqş Yalon bildirib ki, "Sarsılmaz qaya" əməliyyatı HƏMAS-a qarşı uzunmüddətli hücumun başlanğıcıdır. "Əməliyyat genişmiqyaslı olacaq və o, ərazilərimizin raket atəşinə tutulmasına son qoyulanadək, sülhün bərqərar olmasınadək davam edəcək. HƏMAS bizə hərbi əməliyyatları genişləndirməkdən və gücləndirməkdən başqa yol qoymur", - deyə İsrailin baş naziri Benyamin Netanyahu öz növbəsində bildirib.
Fələstinlilər isə baş verənlərdə özlərini günahkar saymırlar. "Netanyahunun terror aktlarına başlamasınadək, vəziyyət sabit idi. O, fələstinlilərin barışıq istəyinə hücum çəkdi, o, sülhə arxa çevirdi", - deyə üzləşdikləri ittihamlara cavab verən HƏMAS lideri Xaled Maaşal Qətərdə verdiyi açıqlamasında bildirib. HƏMAS İsraildən fələstinli məhbusların azad edilməsini, Misirlə birlikdə Qəzza zolağının blokadasına son qoyulmasını tələb edir.
Ən son məlumatlara görə, Qəzza zolağında artıq 200-dən çox insan həlak olub. Onların, təxminən, 40-ı uşaqdır. Yaralananların sayı 1600-ü ötüb. BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsinin məlumatına görə, Qəzzada həlak olanların əksəriyyəti - 70%-i mülki şəxslər, onların 30%-i isə uşaqlardır. İsrail tərəfi isə yalnız 1 itki verib. O, iyulun 15-də raket partlaması nəticəsində dünyasını dəyişib.
Fələstinlilərin iddiasına görə, İsrailin qarşı tərəfə cavabı qeyri-proporsionaldır - SAXAL hərbçiləri yaraqlılara deyil, dinc əhaliyə hücumlar edir. Təl-Əviv isə Qəzza sakinlərinin telefon vasitəsilə keçiriləcək əməliyyatlar haqqında məlumatlandırıldıqlarını bildirir. İsraillilərin sözlərinə görə, HƏMAS yaraqlıları silah anbarlarını, tunelləri və mənzil-qərargahları məhz məktəblərin, xəstəxanaların və yaşayış evlərinin ətrafında yaradırlar.
"Süddeutsche Zeitung" yazır ki, HƏMAS Qəzza sektoru sakinlərini İsrail aviasiyasının hücumları zamanı evlərin damlarına çıxaraq "canlı qalxan" yaratmağa çağırır. Bundan başqa, Fələstin tərəfindən tələfatın çoxluğu Qəzza zolağında əhalinin sıxlığının həddindən artıq olması ilə də əsaslandırılır.
Beynəlxalq birlik tərəfləri sülhə çağırsa da, bu, hələ ki, nəticə vermir. Misir vəziyyəti qaydaya salmaq üçün vasitəçilik missiyası ilə çıxış etməyə çalışsa da, nəticə olmayıb. Misirin planına əsasən, ilk olaraq atəşkəs elan edilməli, daha sonra Qahirədə hər iki tərəfin yüksəkrütbəli nümayəndə heyətləri arasında danışıqlar başlanmalı idi.
Netanyahu güc nazirlərindən yaratdığı məhdud kabinetin barışığa tərəfdar olduğunu bəyan etsə də, HƏMAS Misirin təklifini kapitulyasiya adlandırıb.
Beləliklə, uzun illərboyu birbaşa və vasitəçilərin köməyi ilə aparılan danışıqlardan, Kemp-Devid uğursuzluğu və Annapolis ümidindən sonra ərəblərlə israillilərin münaqişəsi, təəssüf ki, əvvəlki kimi qalır - ərazilərin qaytarılması, qaçqınlar, Qüds problemi və ən xırda təxribatın belə alovlandırdığı hərbi əməlyyatlar - bu problemlərin aktuallığını dəyişmir ki dəyişmir.
Bəs İsraillə Fələstin arasında yeni qarşıdurmanın səbəbi, həqiqətənmi, hər iki tərəfdən gənclərin qətlə yetirilməsidir? Regionda yaşanan miqyaslı hadsiələr və bir sıra digər amillər buna şübhə yaradır. Məsələn, "La Repubblica" yazır ki, radikal İŞİD qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi məqsədli şəkildə Qəzzada aranı qarışdırır. İddiaya görə, məqsəd İsrailin başını bu məsələ ilə qatmaq və qonşu İordaniyada möhkəmlənmək imkanı qazanmaqdır. Ona bu (o cümlədən suriyalı radikallarla birləşmək), xilafətlə bağlı arzusunu reallığa çevirmək üçün vacibdir.
Bəzi məlumatlara görə, HƏMAS-ın hazırkı liderləri nüfuzlarını sürətlə itirməkdədirlər. Artıq Xaled Maaşalı, İsmail Haniyəni, Məhəmməd Deyfi "tanımayan" yeni cihadçı qruplaşmalar yaranır. Son zamanlar Misirin dəstəyini itirməsi də HƏMAS-ı ciddi şəkildə zəiflədib. Misirin hazırkı prezident əs-Sisinin HƏMAS-a münasibəti "Müsəlman qardaşlar"a münasibətilə eynidir. "Əgər HƏMAS Ərəb dünyasını İsrailə qarşı dinc fələstinlilərin qanı bahasına başa gələn bu əbəs müharibəyə cəlb etməyə çalışırsa, o, hesablamalarında yanılır", - deyə Misir Dövlət Televiziyasının rəsmisi bildirib. Abdel Fəttah əs-Sisi ölkəsinin sərhədindən Qəzzaya uzanan əksər tunelləri bağlayıb. Həmin tunellər vasitəsilə sektora həm ərzaq məhsulları, həm də qaçaqmal yolu ilə silah-sursat daşınırdı. Bundan başqa, HƏMAS-ın İranla da münasibətlərində ciddi şəkildə sərinlik yaranıb, Suriya prezidenti isə hazırda Qəzzanı düşünəcək halda deyil. İndi HƏMAS-a, əsasən, dəstək Qətərdən və Səudiyyə Ərəbistanının bəzi şahzadələrindən gəlir. Bundan başqa, müşahidəçilərin bildirdiyi kimi, qruplaşma liderləri arasında ciddi nifaq var. Ümumilikdə, Ərəb dünyasında HƏMAS-ın nüfuzunu itirməsinə səbəb yoxsulluq şəraitində yaşayan dinc əhalinin zülm çəkməsi, hərəkat liderlərinin isə özlərinə korluq verməməsidir.
Bütün bu amilləri nəzərə alsaq, HƏMAS İsrail ilə müharibədə maraqlı ola bilməz. Unutmayaq ki, hərəkat liderləri, hətta FƏTH lideri Mahmud Abbasla belə, barışığa gediblər. Amma hərbi baxımdan HƏMAS gücünü xeyli artırıb. Ekspertlərin bildirdiklərinə görə, indi qruplaşma Nuh əyyamından qalma Qassam raketləri əvəzinə, "Qrad", M-75, M-302 kimi qurğulara malikdir.
Bu raket müharibəsi İsrailə də sərf etmir. Çünki onun kifayət qədər ciddi fəsadları ola bilər - radikallığın daha da artması, yeni intifadanın başlanması, SAXAL əsgərləri və hətta dinc əhali arasında tələfat, dünya birliyinin diqqətinin İrandan yayınması.
Bütün bunlarla yanaşı, "Salsılmaz qaya" əməliyyatı ilə bağlı daha bir versiya var və yeri gəlmişkən, nüfuzlu "The Guardian" qəzeti də məhz həmin versiyadan bəhs edir. Bu versiyaya görə, hər şey 2000-ci ildə Qəzza sahillərində aşkarlanmış 1,4 trilyon kubmetr təbii qazın başındadır. Fələstin Muxtariyyətinin rəhbərliyi qaz yatağının HƏMAS-ın iştirakı olmadan işlənilməsi üçün "British Gas Group" ilə bir neçə görüş keçirib. Bu mövzuda Rusiya, İsrail və Kipr arasında danışıqlar olub. HƏMAS isə qaz məsələsində sövdələşməyə getmir və bu üzdən onu effektiv şəkildə neytrallaşdırmaq lazımdır. Beləliklə, İsrail yalnız öz enerji problemlərinin həllinə çalışmır - Təl-Əvivdə qaz yataqlarının Qəzzada qüvvələr nisbətini dəyişə biləcəyindən də ehtiyatlanır.
Yəhudilər hesab edirlər ki, bu amil HƏMAS-ın siyasi hakimiyyətinin maddi baxımdan güclənməsinə yol aça bilər. Hələlik isə əsasən, İsrailin blokadası üzündən Qəzza sektorunda iqtisadi vəziyyət humanitar fəlakətin astanasındadır.
Yaxın Şərqdəki vəziyyətdən və ərəb-İsrail qarşıdurmasının tarixindən səthi məlumatlı olan şəxslərə hər şey kifayət qədər sadə görünə bilər. İsraillilərlə ərəblər onsuz da bir-birlərini tərk edə bilməyəcəklər. Hərbi əməliyyatların da xüsusi bir nəticəsi olmur - istər Livanda olsun, istərsə də Qəzza sektorunda. "Ərimiş qurğuşun", "Bulud sütun", "Sarsılmaz qaya" - adlar gözəl olsa da, nəticə yoxdur. Bu əməliyyatlardan qalanlar yalnız iztirab, dağıntı, uşaq cəsədləridir.
Görünür, üç dinin torpağında yalnız dualarla sülhə nail olmaq qeyri-mümkündür.