Təhlükəli viruslara yoluxmamaq üçün nə etmək lazımdır?
24 İyul 2014 10:57
Milli.Az Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktor müavini Afaq Əliyevanın "qafqazinfo"ya müsahibəsini təqdim edir.
- Hepatit qrupuna daxil olan viruslar barədə məlumat verməyinizi istərdik. Bu virusların daşıyıcıları dünyada nə qədərdir?
- Hazırda dünyada Hepatit B və C ağır xəstəliklərdən hesab olunur. Dünyada iki milyarddan çox insan Hepatit B virusundan əziyyət çəkir. Bunun da 360 milyona yaxını xroniki formaya keçir. 130-150 milyona yaxın insan isə Hepatit C-dən əziyyət çəkir. Hepatit C-nin B-yə nisbətən sayı az olsa da, o daha qorxulu virus hesab edilir. Bu xəstəliklərin hər ikisinin yoluxma yolu parenteral yoldur. Həm təbii, həm də süni yolla yoluxma baş verə bilir. Təbii yoluxma ana bətnində uşağa keçir. Əgər ana virus daşıyıcısıdırsa, xəstədirsə, hamiləliyinin üçüncü semestrində bu viruslardan hansısa birinə yoluxubsa, bu zaman uşaqda anadangəlmə yoluxma baş verə bilir. Doğuş zamanı da ən çox bu virusa tutulma ehtimalı olur. Ona görə də bütün dünyada 1988-ci ildən etibarən Hepatit B-yə qarşı rekombinat vaksinlərdən istifadə olunur. Bu da çox effektiv bir vaksindir. Bədəndə uzunmüddətli immunitet yaradır. Uşaq ilk peyvəndini doğulduqdan sonra ilk 12 saat ərzində alır.
- Niyə ilk 12 saat ərzində peyvənd almalıdır?
- Çünki doğuş zamanı uşağın dərisi zəif olduğundan zədələnir. Bu zaman dölyanı sular, qan, infeksiyalaşmış mayelər uşağın dərisindən orqanizminə keçir. Doğuşdan sonra uşağın Hepatit B-yə yoluxmasına səbəb ola bilər. Bundan əlavə, doğuşdan sonra bütün qadınlar Hepatit B-yə görə müayinə olunurlar. Əgər anada bu virus aşkar olunursa, belə olan halda uşağa vaksindən əlavə, Hepatit B-yə qarşı immunoqlobulin də vurulur. İmmunoqlobulin vasitəsilə uşaq hazır anticisimləri alır. Vurulan vaksinə qarşı isə bir ay ərzində aktiv immunitet yaranır. Əgər ana bətnində uşaq virusa yoluxmayıbsa, vurulan vaksinlər, immunoqlobulinlər bu xəstəliyin tam qarşısını ala bilir.
Uşaq ərazi üzrə poliklinikada qeydiyyata düşdükdən sonra iki, üç, dörd aylığında da vaksinasiyasını alır. Hazırda 2011-ci ilin iyul ayından Hepatit B-yə qarşı immunizasiya beş komponentli, tərkibində hepatit komponenti olan vaksinlə aparılır.
- Azərbaycanda hazırda nə qədər Hepatit B və C xəstəsi var?
- Bilirsiniz ki, bu viruslar 70-80 faiz hallarda xəstələrdə xroniki ağırlaşmaya gətirib çıxarır. İnsan xronikə çevrilir, yəni tam sağalmır. Son illər kəskin formalı hepatitlərin azalması prosesi gedir. Əgər 2013-cü ildə cəmi 477 hepatit hadisəsi qeydə alınmışdırsa, onun 150-si Hepatit A-dır. 2012- cil ildə 242 Hepatit B xəstəsi olubsa, 2013-cü ildə bu rəqəm 194 nəfər olub. Hepatit C-yə yoluxma 2012- ci ildə 181 nəfər idisə, 2013-də isə bu rəqəm 133 nəfər təşkil edib.
- Ən çox hansı regionlarda bu xəstəliyin daşıyıcıları var?
- Bu xəstəliyin əsas hissəsi Bakı şəhərində qeydə alınır. Səbəbi də odur ki, burada regionlara nisbətən xəstəliyin diaqnostikası daha yaxşıdır. Özəl, iri klinikalar burada çoxdur. Xəstələr müraciət edəndə onlara vaxtında diaqnoz qoyulur.
- Bu virusa ən çox nələrdən yoluxula bilir?
- İnfeksiya mənbəyi yalnız xəstə insan və ya daşıyıcıdır. Təbii yolla necə yoluxulması barədə yuxarıda məlumat verdim. Süni yolla isə əgər evdə xəstə varsa, məişət şəraitində onunla yaxın təmasda olanlar virusa yoluxa bilər. Eyni əşyalardan məsələn, daraqdan, ülgücdən, dəsmaldan istifadə etdikdə, cinsi yolla da yoluxula bilir. Gözəllik salonlarında tatuaj, manikür, pedikür və digər kosmetik proseduralar zamanı insan yoluxa bilər.
- İnsanlar bu virusa qarşı necə mübarizə aparmalıdırlar?
- Əlbəttə ki, Sanitar Xidmət tərəfindən ictimai yerlərə nəzarət aparılır. Bundan əlavə, kimsə gözəllik salonuna gedirsə, orada əşyaların dezinfeksiya olunub-olunmadığına baxmalıdır. Belə yerlərdə birdəfəlik ləvazimatlar istifadə olunmalıdır. İnsan ləvazimatların necə dezinfeksiya olunmasına özü nəzarət etməlidir.
- Xəstəliyin əlamətləri nədir?
- Hepatit B bir qədər tez aşkar olunur. Yüksək temperaturun olması, halsızlıq, tez yorulma, ürək bulanma, qusma, qaraciyər nahiyəsində küt ağrıların aşkar olunması kimi hallarla müşahidə olunur. Belə hallarda insan hökmən həkimə müraciət edir. Həkimin borcudur ki, xəstəni müayinə edib diaqnozu düzgün qoysun. Bir-iki həftə keçəndən sonra sarılıq əlamətləri özünü büruzə verir. Dəri örtükləri sarı rəng alır, gözün selikli qişaları sapsarı olur. Sidiyin rəngi tünd sarı rəngdə olur. Xəstə qeydiyyata alındıqdan sonra onun yaşadığı evdə, işlədiyi yerdə əsaslı dezinfesksiya tədbirləri də aparılmalıdır ki, ətrafda olan viruslar digərlərinin yoluxmasına səbəb olmasın. Bunun ən yaxşı üsullardan biri uşaqlara vaxtında peyvənd edilməsidir. 6 yaşına qədər olan uşaqlara vaksinlər edilir. 20 yaşına qədər uşaqlarda bu viruslara qarşı immunitet yaranır.
Yuxarı yaşlı adamlara isə peyvənd edilmir. Amma insan hər hansı şəxsi işi ilə əlaqədar özəl klinikaya müraciət edib istəyi ilə peyvənd qəbul edə bilər.
Həkimlər risk qrupuna daxildir. Onlar daima bu xəstələrlə təmasda olur. Əməliyyat zamanı əgər bu xəstə daşıyıcıdırsa, onun qanı yoluxmuş qandır. Həkimin özü yoluxmasın deyə Səhiyyə Nazirliyi tərəfindən vaksin sifariş edilib. Cərrahlar, mama ginekoloqlar, laboratoriya işçilərinə ilin sonuna qədər vaksinasiyanın aparılması nəzərdə tutulub.
Milli.Az