Dünən bu ölkədə matəm idi - FOTO

24 İyul 2014 09:39

Dünən Hollandiyada matəmdi. Malayziyanın "Malaysia Airlines" aviaşirkətinin "Boeing 777" təyyarəsinin Ukraynanın Donetsk vilayətinin səmasında vurulması nəticəsində həlak olan sərnişinlərdən 60 nəfərin cəsədi dünən Eyndhovenə aparılmışdı.

Tabutlar Hollandiya Hərbi-Hava Qüvvələrinin "C-130 Hercules" təyyarəsində idi.
 

Tabutları həlak olmuş sərnişinlərin ailə üzvləri və qohumları ilə birlikdə Hollandiya kralı Villem-Aleksandr, kraliça Maksima və ölkənin baş naziri Mark Rütte qarşılayıblar.
 

Milli.Az ABC-yə istinadən bildirir ki, Hollandiyada dünən bütün dövlət bayraqları endirilmişdi.

Amsterdamdan Kuala-Lumpura uçan təyyarənin sərnişinlərinin əksəriyyəti Hollandiya vətəndaşları idilər.
 

Təyyarədən cəsədlərin olduğu tabutlar çıxarılanda ölkədəki bütün kilsələrin zəngləri çalmağa başlayıb.

Hollandiya hökumətinin sözçüsü Lodeveyk Hekkinqin dediyinə görə, 60 cəsəd adi taxta tabutlarda idi.

Vurulmuş təyyarədəki 298 nəfərin cəsədinin yalnız 200-ü identifikasiya olunub.
 

Cəsədlər daha sonra identifikasiya üçün Hilversum şəhərinə aparılıb.

Baş nazir Mark Rüttenin dediyinə görə, identifikasiya bir neçə ay çəkə bilər.
 

Avstraliyanın baş naziri Toni Ebbottun dediyinə görə, Ukraynanın Xarkov şəhərinə nə qədər cəsəd çatdırıldığı, nə qədər cəsədin də faciə yerində qaldığı bilinmir.
 

Milli.Az 


Böyütmək üçün şəkillərə klikləyin.