Niderland qatarda "Boeing 777" sərnişinlərinin 282 yox, 200 meyitinin olduğunu bəyan edib

23 İyul 2014 10:09
Niderlandlı ekspert-kriminalist qrupunun rəhbəri Donetsk vilayətindən Xarkova gələn qatarda Malayziyaya məxsus "Boeing 777"-nin sərnişinlərinin 282 yox, 200 meyitinin olduğunu bəyan edib.

APA-nın "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, bu barədə The Washington Post məlumat yayıb. Qeyd edək ki, iyulun 21-də Ukrayna baş nazirinin müavini Vladimir Qrosman meyitlərin axtarışı üzrə işlərin sona çatdırıldığını, hadisə yerindən 282 meyit və 87 meyit qalığının tapıldığını elan etmişdi. Hadisə yerindən bütün meyitlərin çıxarılaraq xüsusi refrijerator qatarına yükləndiyi bildirilmişdi.

"Mən bir şeydə qəti əminəm - qatarda 200 meyit var", - deyə ekspert bildirib və əlavə edib ki, onların dəqiq sayını çətinliklə müəyyən etmək mümkün olub.

"Onlar tapılacaq. Biz onları tapmalıyıq", - deyə ekspert vurğulayıb.

Separatçılar Malayziyaya məxsus "Boeing-777" təyyarəsinin düşdüyü ərazidən 38 meyit çıxarıblar.

Qeyd edək ki, APA iyulun 20-də "UNİAN"a istinadən xəbər vermişdi ki, separatçılar "Boeing-777" təyyarəsinin düşdüyü ərazidən gizli surətdə 38 meyit çıxarıblar. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidmətinin məlumat mərkəzinin sözçüsü Andrey Lısenko bildirmişdi ki, iyulun 19-na keçən gecə terrorçular təyyarənin düşdüyü ərazidən gizli şəkildə 38 meyitin qalıqlarını çıxarıblar.

Onun sözlərinə görə, silahlılar cəsədləri tentli yük maşınlarına yükləyərək Donetsk ekspertiza mərkəzinə aparıblar. "Operativ məlumata əsasən, bu addımın məqsədi cəsədlərdə təyyarəyə dəyən mərminin qəlpələrinin müəyyən edilməsidir", - deyə Lısenko bildirib.

Sözçünün sözlərinə görə, separatçılar bununla aviaqəzaların səbəblərinin müəyyən edilməsi və həlak olanların cəsədlərinin ekspertizadan keçirilməsinə dair qəbul olunmuş beynəlxalq proseduru kobudcasına pozublar.

Milli.Az