Krallar, rüşvətlər, yalanlar və silahlar - ARAŞDIRMA

22 İyul 2014 23:23

Budur, artıq 40 ildir ki, Fars körfəzində əslən Livandan olan sünnü qardaşlar Mansur və Salah Fustoklar yaşayıb işləyir.

Üçüncü qardaş Mahmud 2006-cı ildə avtomobil qəzasında həlak olub, lakin qalan iki qardaş Səudiyyə Ərəbistanı krralı Abdalla ibn Abdel Əziz əl-Saudun biznesini fırladan adamlardır. Xarici şirkətlər ancaq onların vasitəsilə Səudiyyə kralının yaxın ətrafına çıxış əldə edə bilərlər. Onların hökmdar ailəsinə yaxınlığında kralın Fustok qardaşlarının bacısı Aidə ilə evil olması faktı heç də sonuncu rol oynamır.

Bu qohumluğun sayəsində Fustok qardaşları "Arab Builders for Trading" və "Saudi Establishment for Safety Equipment (SASE) adlı şirkətlərindən Səudiyyə Ərəbistanı Milli Qvardiyasının təchizatı ilə məşğul olan genişmiqyaslı ticarət agentlərinin yaradılması üçün istifadə edirlər. 

Səudiyyə Ərəbistanın Milli Qvardiyası bilavasitə monarxın əmrinə tabe olan silahlı birləşmədir və vəzifəsi kral saraylarının, müqəddəs yerlərin və milli sərhədlərin mühafizəsini təmin etməkdir. 2010-cu ildən qvardiyaya Muteba ibn Abdalla, kralın sevimli oğlu komandanlıq edir. Kral istənilən yolla özündən sonra taxt-tacın ona qismət olmasına çalışır, təbii ki, bu da mövcud varislik ənənələrinin pozulması baş vermədən mümkün olmayacaq.

Mahmud Fustok 2006-cı ildə avtomobil qəzasında həlak olana qədər kral ailəsi ilə onun Şimali Amerikadan olan tərəfdaşları arasında əlaqələrə cavabdeh idi. Onun əsas partnyoru 1975-ci ildən "AVT" şirkətinin tərəfdaşı olan Alan Vinnel hesab olunurdu. Vinnelin şirkəti onun adına qeydiyyatdan keçib və hərbi hazırlıq, hərbi avadanlıq təchizatı ilə ixtisaslaşıb. Elə həmin 1975-ci ildən Səudiyyə kral qvardiyasının əsas təchizatçısına çevrilib. Ancaq 2002-ci ildə bu şirkət "Northrop Grumman" şirkəti tərəfindən "uduldu".

1939-cu il avustun 7-də Beyrutda anadan olan Salah Fustok Floridada arxa cəbhə təchizatı ilə məşğul olan "Pompano Beach" şirkətini yaradıb. O və qardaşı Mahmud cins atların böyük həvəskarları kimi tanınır. Fustoklar ailəsi İngiltərənin Kembricşir qraflığında Dirfild atçılıq zavodunun sahibidir. Qeyd etmək lazımdır ki, qardaşların işini onların oğulları davam etdirir. Salahın oğlu Məcid Fustok klanın işlərində fəal iştirak edir və hazırda "SESE" şirkətinin maliyyə direktorudur.

Fustok qardaşlarının bütün agentləri onların mənsub olduqları ölkələrin xüsusi xidmət orqanlarına, hər şeydən əvvəl Fransanın xarici təhlükəsizlik üzrə Baş direktorluğuna və Britaniyanın Mİ-6 xidmətinə yaxınlığı ilə tanınır. Onlardan biri, Bəhreyndə qeydiyyatdan keçmiş "Eurocorp Consultants" şirkətinin rəhbəri olan Frasioli elektronika məhsulları istehsal edən "Thales" və "ARİNC" şirkətlərinin, silah təchizatçısı "FN Herstl" və "Mecar" şirkətlərinin və Fransanın hərbi hazırlıq keçən "Defense Conseil İnternational" (DCİ) şirkətinin müşavirləri qismində çıxış edir. Bu ilin may ayında o, Fransanın Ər-Riyaddakı səfirliyində "ikinci adam" olan Emmanuel Beli öz şirkətində işə götürüb.

Fustok qardaşlarının Britaniya firmaları ilə təmaslarını təmin edən britaniyalı Piter Ostindir. Ona bu işdə uzun müddət Mİ-6 xidmətinin Səudiyyə Ərəbistanındakı rezidenti Brayan Somerfild kömək edib. Onlar birlikdə Səudiyyə Milli Qvardiyası ilə "İnternational Hospitals Group" (İHG), "BAE Systems" və "GPT Special Projekt Management" (Hazırda "Airbus Group" adlanan EADS şirkətinin törəmə şirkəti) şirkətləri arasında müqavilələrin imzalanmasına nail olublar. 

Lakin 2011-ci ildən etibarən Ostinin fəaliyyəti Britaniya hökuməti nəzdində irimiqyaslı korrupsiya və fırıldaq hallarını araşdıran xüsusi ofisin (Serious Fraud Ofise-SFO) diqqətini cəlb edib. Nəticədə Ostinin fəaliyyəti zəifləyib. SFO tərəfindən aparılan bu araşdırma Fustok qardaşlarının imicinə də ciddi zərbə olub və dolayısı ilə Səudiyyə kralı ailəsinin özünə də təsir edib. Bu günlərdə SFO həmin araşdırma ilə bağlı 6 nəfəri saxlayıb və dindirib. Araşdırmanın əsas fiqurantı Avropa aerokosmik nəhəngi "Airbus"un törəmə şirkəti olan "GPT Special Project Management" iştirak edir. Şirkətin rəhbərləri Səudiyyə Milli Qvardiyası ilə müqavilələrin əvəzində iri məbləğlərdə rüşvət verməkdə ittiham olunurlar.

Bu araşdırmanın nə dərəcədə uzağa gedəcəyini təxmin etmək çətindir. Vaxtilə buna bənzər situasiya Britaniyanın "BAE Systems" hərbi sənaye şirkəti ətrafında yaranmışdı. Şirkət Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrinin rəsmilərinə rüşvət verməkdə ittiham olunurdu.

Lakin 2006-cı ildə Britaniya hökuməti araşdırmanı əhəmiyyətli dərəcədə yavaşıtdı və belə görüntü yaratdı ki, bu araşdırma milli təhlükəsizlik maraqlarına zərbə vura bilər. Hərçənd ki, hökumətin bu davranışı Böyük Britaniyada antikorrupsiya mübarizəsinin effektivliyini şübhə altına aldı.

Sonda "BAE Systems" yaxasını yüngül cəza ilə qurtara bildi. Şirkət ona qarşı irəli sürülmüş ittihamların birini qəbul etdi. Söhbət Tanzaniyaya radar sistemlərinin satışı zamanı "qara mühasibatlıq"dan istifadəyə dair ittihamdan gedir. Şirkət həmçinin Səudiyyə Ərəbistanına silah satışı müqaviləsinin bağlanmasında korrupsiya ittihamına görə ABŞ hakimiyyətinə 400 milyon dollar ödəməyə razı oldu.

Qeyd etmək lazımdır ki, "BAE Systems" şirkətinin Səudiyyə krallığı ilə bütün müqavilələrində vasitəçi kimi Fustok qardaşları çıxış edib. İndi Fustok qardaşlarının adının növbəti dəfə korrupsiya araşdırmalarında həm onlara, həm kral ailəsinə zərbə vura bilər. Digər tərəfdən mümkündür ki, Birləşmiş Krallığın xarici siyasət maraqları bu dəfə də üstün gələcək və SFO tərəfindən aparılan araşdırma "qarşılıqlı razılaşma" əsasında "sülh yolu ilə" həll olunacaq. Eyni zamanda bu araşdırma Qərbin əlində Səudiyyə Ərəbistanına təzyiq alətinə də çevrilə bilər.

Virtualaz.org