Nazir: "Bu gün Azərbaycanda Zərdabi ənələrini layəqətlə davam etdirən qələm sahibləri var"

22 İyul 2014 17:40

"Bu gün Azərbaycanda Zərdabi ənələrini layəqətlə davam etdirən qələm sahibləri var"

Gənclər və İdman Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu gənclər və idman naziri Azad Rəhimov KİV nümayəndələrinə Milli Mətbuatımızın 139-cu ildönümü münasibəti ilə ünvanladığı müraciətində qeyd edib.

KİV nümayəndələrini bayram münasibəti ilə təbrik edən nazir bildirib ki, bu gün ölkəmizdə Milli Mətbuatımızın 139-cu ildönümü qeyd edilir: "Bu gün böyük mütəfəkkir Həsən bəy Zərdabinin 1875-ci ildə Azərbaycan mətbuat səmasına buraxdığı ilk qaranquşun- "Əkinçi" qəzetinin doğum tarixi, sizin qələminizin ad günüdür".

Nazir daha sonra əlavə edib ki, jurnalistlərin Gənclər və İdman Nazirliyi ilə daim əlaqəli fəaliyyəti hər zaman qurum tərəfindən təqdirəlayiq qiymətləndirilib: "İstər gənclər, istərsə də idman sahəsində baş verən yeniliklərin ictimaiyyətə çatdırılmasında sizin xidmətləriniz danılmaz və əvəzsizdir. Sizə məsiliyyətli və önəmli işinizdə uğurlar, həyatda can sağlığı arzu edirəm. Milli Mətbuat gününüz mübarək!"

Milli.Az