Ən məhsuldar smartfon göstərildi

22 İyul 2014 23:53
Xiaomi şirkəti yeni Mi 4 qabaqcıl smartfonunu nümayiş etdirib. Bu model 2,5 QHs takt tezlikli dördnüvəli Qualcomm Snapdragon 801 prosessoru, həmçinin 3 QB LP-DDR3 əməli yaddaşla təchiz edilib. Daxili yaddaşın həcmi 16 və ya 64 QB təşkil edə bilər, bu halda microSD slotu barədə məlumat yoxdur.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Mi 4 smartfonunda Sharp şirkətinin 1920x1080 nöqtə təsvir ölçülü 5 düymlük IPS ekranı tətbiq edilib. Smartfonun əsas kamerası 13 meqapiksel, ön kamerası 8 meqapiksel təşkil edir.

Mi 4 smartfonunda daxili çıxarılmayan akkumulyatorun tutumu 3080 milliamper/saat təşkil edir. Xiaomi şirkəti hələ ki smartfonun korpusunun xarakteristikasını açıqlamır.

Hazırda Mi 4 smartfonunun qiyməti və çıxarılış tarixi haqda rəsmi məlumat yoxdur.

Milli.Az