Bu tələb İtaliya daxil olmaqla bir sıra Avropa ölkələrinin tənzimləyici orqanlarının ötən il başladığı araşdırmanın nəticəsidir. Buna səbəb Googleun 1 mart 2012-ci ildən müxtəlif internet servislərinin, o cümlədən YouTube, Gmail, Google+ və başqa xidmət istifadəçilərinin fərdi məlumatlarını birləşdirən məxfilik siyasəti olub. Qeyd olunmalıdır ki, istifadəçilərin onların məlumatlarından Googleun bütün xidmətləri arasında istifadəsindən imtina etmək imkanı da olmayıb.
Milli.Az ICTnews-a istinadən bildirir ki, İtaliya Məlumatların Mühafizəsi İdarəsinin nümayəndələri bəyan ediblər ki, "Google istifadəçilərdən onların məlumatları ilə işləmək üçün icazə almalı, eləcə də hansı məlumatlardan kommersiya məqsədləri üçün istifadənin mümkünlüyünü dəqiq izah etməlidir.
İdarə təmsilçiləri vurğulayıblar ki, Google Avropa İttifaqının qanunlarına riayət etməkdə irəliləyişə nail olsa da, şirkətin praktikası normalara (məsələn, qanunların fərdi məlumatlardan kommersiya məqsədləri üçün istifadəyə razılığın alınması və ya fərdi informasiyanın saxlanma müddəti fəsillərində) tam uyğun deyil.
Bundan başqa, Avropa qanunvericiliyinə görə, "Google müraciət edildiyi halda iki ay ərzində aktiv istifadəçilərin məlumatlarını silməlidir.
Google rəhbərliyi Avropanın tənzimləyici orqanları ilə əməkdaşlıq çərçivəsində sentyabrda iş siyasətinin qanuna uyğunlaşdırılması ilə bağlı fikirlərinin yer alacağı sənədi təqdim edəcək.
Şirkət qanuna əməl etməyəcəyi təqdirdə 1 milyon avro cərimə edilə bilər. Fransa və İspaniyanın tənzimləyici orqanları artıq Googleu fərdi məlumatlar haqqında yerli qanunları pozduğuna görə cərimələyib.
Milli.Az