Azərbaycanda qazanmaq istəyən uran mafiozu həbs olundu - GİZLİNLƏR - FOTO

4 Noyabr 2014 22:13
Rusiyanın "Rosatom" şirkətinin top-meneceri ABŞ-da həbs olunub. Söhbət "TENAM Corporation" şirkətinin rəhbəri Vadim Mikerindən gedir. O, Rusiyadan 33 milyon dollarlıq zənginləşdirilmiş uran nəqlinə dair Amerika firması ilə bağlanmış müqaviləyə görə 1,6 milyon dollar rüşvət almaqda ittiham olunur.

Bu qalmaqallı əhvalat beynəlxalq miqyaslı fırıldaqçıların və mafiozların özlərini çox rahat hiss etdikləri nüvə yanacağı alverinin qaranlıq tərəflərini açır. Və bu qalmaqalın Azərbaycana da dəxli var. 

Tanış olun, uran biznesinin pionerləri

Hələ 1992-ci ildə Rusiya öz nüvə başlıqlarından çıxarılmış zənginləşdirilmiş uranın ABŞ-a satışına dair müqavilə bağladı. Bütün bu illər ərzində Rusiyanın ixtisar olunan nüvə başlıqlarından çıxarılmış zənginləşdirilmiş uranın ABŞ-a nəqli və satışı ilə dünya bazarında "Tenex" adı ilə tanınan "Texsnabeksport" şirkəti məşğul olurdu. Onun Amerikadakı törəmə şirkəti TENAM-a isə həmin bu Mikerin başçılıq edir.

TENAM-ın ABŞ-dakı əsas partnyoru olan "Transport Logistics" şirkəti də Amerika prokurorlarının hədəfindədir. Amerika hüquq-mühafizə orqanları hesab edirlər ki, onun rəhbərləri - ər-arvad Darren və Kerol Kordri tender keçirilmədən uran nəqli müqavilələri bağlamaq üçün V.Mikerinə rüşvət veriblər. Əgər ittihamlar sübut olunsa, Mikerin və qalan şübhəlilər 20 ilə qədər həbs cəzası alacaqlar.

TENAM-ın tabe olduğu "Rosatom"un rəsmi nümayəndəsi tələsik bildirib ki, V.Mikerinin təqib olunması siyasi motivlidir. Sən demə, Amerika Rusiyanı bütün cəbhələrdə sıxışdırır, hələ Yeltsinin dövründə başlayan uran alveri isə Moskva üçün olduqca gəlirli biznesdir.

Bundan əlavə, "Rosatom" Amerika hakimiyyətini V.Mikerini Rusiyaya qarşı əməkdaşlığa cəlb etməyə cəhd edib, bunun əvəzində biznesmenə azadlıq vəd edib. Doğrudur, bu sövdələşmə təklifi istisna deyil, ancaq qalmaqalın mahiyyəti başqadır.

Bizim əhvalat hələ 90-cı illərin əvvəllərində, Rusiyanın kəskin valyuta qıtlığı yaşadığı vaxtlarda başlayıb. Neftin və təbii qazın dünya bazarındakı qiymətləri olduqca aşağı idi. Sovet imperiyasının dağılmasından sonra isə Rusiya dünya bazarlarına başqa heç nə təklif edə bilmirdi.

Bax, elə onda Rusiya və Amerika vətəndaşlığına malik olan, Harvard məzunu Aleks Şustoroviç meydana çıxdı. Familiyası onun istedadını tam ifadə edirdi. Şustoroviç əsl Ostap Bender idi, üstəlik bəxti ondan çox gətirmişdi.

Şustoroviçi "böyük kombinator"la böyük pulları nə vaxt, harada və necə qazanmağın yollarını əvvəlcədən görmək qabiliyyəti birləşdirirdi.

Hamı ilə asanlıqla dil tapan, cazibədar cənab Şustoroviç o qədər də çətinlik çəkmədən o vaxtkı atom energetikası naziri Viktor Mixaylovun etimadını qazandı. Bir neçə alimi də cəlb etməklə onlar "Meqatondan Meqavata" adlı plan işləyib hazırladılar. Bu plan bütün bəşər tarixində ən böyük uran ixracının əsasını qoydu. 

Planın mahiyyəti qısaca olaraq belə idi: Rusiyanın ixtisar olunan strateji nüvə raketlərinin başlıqlarından çıxarılan yüksək dərəcədə zənginləşdirilmiş uran aşağı dərəcəli zənginləşdirilmiş urana çevrilir və atom elektrik stansiyaları (AES) üçün yanacaq formasında ABŞ-a satılır.

Plan prezident Boris Yeltsinə təqdim olunur və o, 150 qram "vurandan" sonra plana razılıq verir.

ABŞ-la Rusiya arasında strateji nüvə silahlarının ixtisarına dair bağlanmış müqavilə uran biznesinə yeni başlayanlar üçün böyük məkan açırdı. İşin cüzi hissəsi qalırdı ki, o da ABŞ-da bu sövdələşməni həyata keçirmək üçün broker şirkətinin təsis olunmasından ibarət idi.

Beləliklə, çox tezliklə "Pleiades Group" adlı şirkət meydana çıxdı. Oxucular yəqin başa düşdülər ki, ona kim başçılıq edirdi - bizim həmin cazibədar tanışımız Şustoroviç.

1994-cü ildə Rusiyadan ABŞ-a 10 il ərzində 500 ton zənginləşdirilmiş uranın satışına dair hökumətlərarası müqavilə bağlandı. Sövdələşmənin ümumi dəyəri 12 milyard dollar idi. Əslində ekspertlərə görə, bu işdən qazanc trilyon dollarla hesablanmalı idi, ancaq göstərilən məbləğ də o vaxt rusiyalı biznesmenə kifayət edirdi.

Çətinlik onda idi ki, Amerika bazarında "Pleiades Group" şirkətini heç kim tanımırdı, güclü lobbiçilik səyləri lazım gəlirdi. Harvardın enerjili məzunu ləngimədən Texas ştatına cumdu, orada onun nüfuzlu respublikaçı tanışları vardı. Onlardan biri Robert Mosbaker Corc Buşun hökumətində ticarət naziri postunu tutmuşdu.

Şustoroviç elə ona "Pleiades Group"un Direktorlar Şurasının sədri postunu tutmağı təklif etdi. Rusiyanı sarsıtmış tarixi çöküşün xüsusiyyətlərini yaxşı dərk edən mister R.Moskaberi çox dilə tutmaq lazım gəlmədi. O, Şustoroviçin təklifi ilə razılaşdı.

"Pleiades Group"un biznesi sürətlə inkişaf etməyə başladı, Şustoroviçin sərvəti isə günbəgün yox, saatbasaat artırdı. Lakin 1996-cı ildə Klinton administrasiyası Amerikanın uran emalı və satışı üzrə əsas şirkətini - "United States Enrichment Corporation" (USEC) şirkətini özəlləşdirməyi qərara aldı. Bu qərar Şustoroviç və ortaqlarını müflis edə bilərdi. Ancaq o, heç nə olmamış kimi Amerika prinsipinə inanırdı: Allahın hər işində bir xeyir var.

"Pleiades" Amerika tərəfinə USEC-i ona satmağı təklif etdi. Bu şirkəti alsaydı, Şustoroviçin "körpəsi" uran istehsalı üzrə dünya inhisarçısına çevrilə, Almaniyanın NUKEM, Kanadanın CAMECO, Fransanın COGEMA kimi iri şirkətlərini geridə qoya bilərdi. Bender-Şustoroviç isə dünyada bir nömrəli uran alverçisinə çevrilərdi.

Stavka o qədər böyük idi ki, lobbi oyunlarına Rusiya Atom Energetikası Nazirliyinin rəhbəri Mixaylov özü qoşulmuşdu. 1997-ci ilin martında o, ABŞ Dövlət Departamentinə məktub göndərdi. USEC-in alıcısı qismində "Pleiades Group"u böyük məmuniyyətlə tövsiyə etdi. 

Klinton administrasiyasının məmurları şübhələndilər: Rusiya naziri nədən formal olaraq Amerika şirkəti sayılan, ancaq mahiyyətcə rus şirkəti olan "Pleiades"i himayə edir?

Mətbuata sızdırıldı ki, Mixaylov az qala Şustoroviçin "xaç atasıdır". Nazir bu iddianı təkzib etdi: bəli, o, doğrudan da biznesmeni ABŞ-a səfərləri zamanı tərcüməçi kimi özü ilə götürüb, Harvardın istedadlı məzununun buraxılış gecəsində iştirak edib, ancaq "xaç atası" olmaq - bu, həddən artıq çox olardı.

"O, yəhudidir, mən isə rusam. Elə bu səbəbdən onun "xaç atası" ola bilmərəm" - Mixaylov bəyan etdi.

Bununla belə amerikalılar müxtəlif diplomatik kanallarla Rusiya hakimiyyətinə mesaj verdi ki, əgər bundan sonra da "şübhəli şəxslər"i himayə etsə, uran sövdələşməsi birdəfəlik ləğv olunacaq.

Yeltsin başa düşdü ki, nəsə baş verir və ləngimədən Mixaylovu işdən azad etdi. Yeni nazir Yevgeni Adamov Amerika ilə böyük çətinliklə imzalanmış müqaviləni yerinə yetirməkdən imtina etdi. Öz növbəsində amerikalılar başa saldılar ki, "Pleiades" uran sövdələşməsində etibarlı tərəfdaş deyil.

1999-cu ilin martında Rusiya və ABŞ arasında "əsrin uran sövdələşməsi"ində broker səlahiyyətlərinin Almaniya, Fransa və Kanada şirkətlərinə verilməsinə dair razılaşma imzalandı.

Şustoroviçin "planetin sahibi olmaq" xəyalları puç oldu. O, kritik vəziyyətdən çıxmağın yolunu məhkəmə çəkişməsində gördü. Şustoroviç "Texsnabeksport"a qarşı iddia qaldırdı və onu 1997-ci ildə imzalanmış müqaviləni yerinə yetirməməkdə ittiham etdi. Ardınca daha üç iddia qaldırdı.

"Nazir Mixaylovum nazir Adamovla əvəzlənməsi məni 1 milyard dollar gəlirdən məhrum etdi" - deyə Şustoroviç iddiasında yazırdı.

İşə baxılması ən yüksək səviyyəyə çıxdı. ABŞ Ədliyyə Nazirliyi işə qarışdı, ancaq Şustoroviçin iddiası təmin edilmədi.

ABŞ prezidentini necə ələ almaq olar?!

2000-ci ilin yayında, ABŞ-dakı prezident seçkilərinə bir neçə ay qalmış Şustoroviçlə onun dostu R.Mosbaker arasında maraqlı söhbət oldu. Onlar çoxdan tanış idilər, bir-birlərinə incə hissləri vardı, tez-tez birlikdə Moskvada olurdular. 

Və budur, diplomatik qəbulların birində Jorjetta Mosbaker Aleksi kənara çəkdi və ona dedi: "Əgər respublikaçıların seçki kampaniyasına bir az pul versən, nə olacaq? Sən onlara qəbz yaz, sonra biz birlikdə respublikaçıların qurultayına gedərik".

Bir saniyə də tərəddüd etməyən Şustoroviç cavab verdi: "Okey, niyə də olmasın".

Şustoroviç dediyini elədi, respublikaçıların seçki fonduna köçürmək üçün 250 min dollarlıq qəbz yazdı və onu Manhettenin prestijli rayonunda yerləşən evində portfelin arasına qoydu. Qəbz respublikaçıların Filadelfiyada keçiriləcək qurultayı ərəfəsində onların seçki fondunu doldurmalı idi.

İyulun ortalarında qəbz rəsmən ödənişə qəbul olundu və tezliklə Mosbaker biznesmeni respublikaçıların görkəmli simalarının iştirakı ilə lança, daha sonra Filadelfiyadakı qurultaya dəvət etdi.

Sonradan respublikaçıların seçki fonduna ianə toplayanlar etiraf edirdilər ki, Şustoroviç partiyaya ən çox ianə verən fiziki şəxs olub. Hətta Amerikanın Bill Geyts kimi superzəngini də bu və ya digər partiyanın hesabına 50 min dollardan çox pul verməmişdi.

Ədalət naminə qeyd etmək lazımdır ki, Şustoroviçin bu ianəsində kriminal heç nə yox idi. O, ABŞ vətəndaşı idi və respublikaçılara ianə vermək hüququ vardı. Rusiya vətəndaşı olması isə siyasi partiyaya maliyyə dəstəyi göstərməsinə mane olmurdu.

Hüquqşünaslar üçün bu cür hallarda ancaq onu sübut etmək tələb olunur ki, ianə verilən pullar biznesmenin özünə məxsusdur. Ancaq Aleks çox varlı biri olduğu üçün respublikaçılarda şübhə doğurmadı.

Məlumdur ki, Nyu-Yorkda o, ancaq "Rolls-Roys"da gəzirdi. Doğrudur, Moskvada oliqarx təhlükəsizlik səbəbindən qara "Mercedes" cipə üstünlük verirdi və bir neçə mühafizəçi ilə gəzirdi.

Şustoroviç üçün şimşək 2000-ci ilin sentyabrında, respublikaçılara yazdığı qəzbin ödənişə qəbul olunmasından iki ay sonra çaxdı. Deyilənə görə, "Wall Street Journal" qəzetinin həddən artıq inadkar reportyoru Con Fialka respublikaçıların qurultaya hazırlıq üzrə qərargahına zəng edəərk Mosbakeri axtarmışdı və onun köməyi ilə Şustoroviç haqda daha çox məlumat əldə etmək istəyirdi. Reportyor ilk növbədə ruslarla sıx bağlı olan "Pleiades Group"un kapitalının şübhəli mənşəyi ilə maraqlanırdı.

Qısası, respublikaçıların ianələr üzrə məsul şəxsi Mel Sembler şəxsən Şustoroviçə zəng etdi, ona partiya adından təşəkkür bildirdi, ancaq dedi ki, verdiyi pulu qəbul etmirlər. Heç bir izahat da verilmədi.

Nüvə işində fiqurant

Şustoroviç Amerikada öz maraqlarını yeritmək səyləri ilə eyni vaxtda atom enerjisi naziri Yevgeni Adamovu gözdən salmaq və vəzifədən uzaqlaşdırılmasına nail olmaq üçün hər şeyi edirdi. Adamov onun 1 nömrəli düşməninə çevrilmişdi. Nazirə qarşı Rusiya mətbuatında misli görünməmiş gözdənsalma kampaniyası başladı.

2002-ci ildə Adamov vəzifəsindən getməli oldu. "Moskovskiy komsomolets" qəzetində tanınmış jurnalist Mark Deyç bundan az əvvəl yazmışdı ki, Atom Energetikası Nazirliyinin 50 metrliyində, "Aldebaran" kafe-barında Aleksandr Şustoroviç görünüb. Jurnalistin müşahidəsinə görə, Aleks görüşə ciddi adamların müşayiəti ilə, Rusiya Prezidentinin İşlər İdarəsinin buraxılış vərəqəsini daşıyan maşında gəlmişdi.

Şustoroviç və Adamov arasında çəkişmənin finalı uzaqda deyil

2005-ci ildə Yevgeni Adamov İsveçrənin Bern şəhərində həbs olundu. O, fırıldaqçılıqda ittiham edilirdi. Həbs Amerika tərəfinin sorğusu əsasında həyata keçirilmişdi. ABŞ Adamovu Rusiyanın nüvə obyektlərinin təhlükəsizliyinin gücləndirilməsi üçün yardım olaraq verilən 9 milyon dolların mənimsənilməsində ittiham edilirdi.

Rusiyada bərk narahat oldular. Axı zarafatdırmı ki, ölkənin nüvə sirlərini daşıyan adam ABŞ-a ekstradisiya təhlükəsi ilə üzləşib?!

Liberal-Demokrat Partiyasından olan deputatlar hətta Adamovu İsveçrə həbsxanasından qaçırmağı təklif etdilər, əgər bu plan baş tutmasa, keçmiş naziri aradan götürməyə çağırdılar.

Deputatların bu cür planlar üzərində baş sındırdıqları bir vaxtda Baş Prokurorluq daha sadə, qansız həll yolu tapdı. Və Adamovun Rusiyaya ekstradisiyası üçün Bernə sorğu göndərdi.

Adamov Rusiyaya sürətli ekstradisiyaya razılaşdı. O, Rusiyaya qayıtmağa elə can atırdı ki, hətta təyyarənin icarə haqqını da özü ödədi. Həmin təyyarə konvoyların müşayiəti ilə keçmiş naziri Moskvaya gətirdi.

Bu hadisə 2005-ci ilin dekabrında baş verdi. Adamov "Matrosskaya Tişina"ya salındı. Və ona qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə və xüsusilə iri məbləğlərdə fırıldaqçılıq ittihamı irəli sürüldü.

Ancaq nə həbs cəzası, nə pul cəzası olmadı. Belə görünür ki, Adamova qarşı Rusiyada başladılan cinayət işi onu amerikalıların əlindən almaq məqsədi güdürdü.

Mikerin Azərbaycanın nüvə layihəsinə maraq göstərir

Və budur, Rusiyadan olan uran alverçiləri və onların ABŞ-dakı partnyorları ilə bağlı yeni qalmaqal başlayıb. Və Adamovla bağlı sxemə uyğun olaraq. Hərçənd ki, TENAM-ın rəhbərini heç yana ekstradisiya etmək lazım deyil, o, Vaşinqton ətrafında həbs olunub.

Yeri gəlmişkən, V.Mikerin 1980-1990-cı illərdə SSRİ Atom Enerjisi Nazirliyində yüksək vəzifələrdə işləmiş Yevgeni Mikerinin oğludur. Sülalədir.

Oxucu sual edə bilər: axı Rusiyadan olan bu uran alverçilərinin və onların kriminal işlərinin Azərbaycana nə dəxli var?

Belə görünür ki, dəxli var, yaxud dəxli ola bilər.

Bu ilin mayında Azərbaycan prezidenti İlham Əliyev ölkədə nüvə energetikasınln inkişafına dair sərəncam imzaladı. Bu layihənin həyata keçirilməsi nə Energetika Nazirliyinə, nə İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə olunmadı. Layihənin həyata keçirilməsi yüksək texnologiyalarla bağlı olan nazirliyə - Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə və onun nəzdindəki Milli Nüvə Araşdırmaları Mərkəzinə həvalə edildi. 

Nazir Əli Abbasov mayın 13-də bildirdi ki, layihənin həyata keçirilməsinə ilin sonlarında başlanılacaq, 3-4 il ərzində başa çatdırılacaq. Doğrudur, nazir nə atom layihəsinin dəyəri, nə də gələcək AES-in gücü haqda danışmadı, ancaq bir neçə nüvə reaktorunun qurulacağını bildirdi.

Fransa isə artıq bu layihəyə maraq göstərir. May ayında Bakıya səfəri zamanı prezident Fransua Olland bəzi adı çəkilməyən Fransa şirkətlərinin AES tikintisində Azərbaycan hökuməti ilə işləməyə hazır olduğunu dedi.

Eyni zamanda Rusiya KİV-lərinin məlumatına görə, Azərbaycanın nüvə layihəsinə TENEM rəhbəri Vadim Mikerin də maraq göstərib.

Göründüyü kimi, dövrə qapanır. Bu şirkət ABŞ-dan başqa 16 ölkədə fəaliyyət göstərir. Şirkət təkcə uran təchizatı ilə deyil, AES-lərin istismarı, nüvə texnologiyalarının inkişafı sahəsində də xidmətlər təklif edir. Yəni neft dollarlarına malik Azərbaycan bu "uran oğlanları" üçün yağlı tikədir.

Ancaq yaxşı olardı ki, bunlar yaxalarından radiasiya təhlükəsi barədə xəbərdarlıq lövhəsi assınlar, onlarla təmas istənilən xalqın sağlamlığı üçün təhlükəlidir.

Virtualaz.org