Eldar Namazov düşmən xeyrinə bəyanatda suçlandı

4 Noyabr 2014 22:18
Azərbaycan "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazov Finlandiyada Ermənistanın keçmiş milli təhlükəsizlik naziri David Şahnazaryan ilə birgə bəyanat yayması ölkədə etirazla qarşılanıb. Düzdür, onlara qoşulanlar olsa da, əks tərəfin arqumenti ondan ibarətdir ki, bu Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın xeyrinə olan addımdır.

Milli.Az anspress-ə istinadən bildirir ki, "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazov Finlandiyada Ermənistanın keçmiş milli təhlükəsizlik naziri David Şahnazaryan ilə birgə bəyanat imzalayıb. Onların hər iki ölkənin rəhbərliyinə olan müraciətini Azərbaycan və Ermənistanın bir qrup vətəndaş cəmiyyəti nümayəndələri də imzalayıb. Sənədə Azərbaycan tərəfdən Zərdüşt Əlizadə, Arzu Abdullayeva, Əli Abbasov, Leyla Əliyeva, erməni tərəfdən isə Aqasi Enokyan, Aykak Arşamyan, Karen Ohacanyan və Nataliya Martirosyan imza atıb. Helsinkidə imzalanan sənədin Dağlıq Qarabağ münaqişəsinin həllinə yönələn bir addım olduğu deyilir.

Bəyanatda deyilir: "Biz tərəflərin siyasi rəhbərlərinə tənzimlənmə prinsiplərinin ayrı-ayrı müddəalarının müxtəlif şəkildə şərh edilməsinə və bir sıra məsələlər üzrə fikir ayrılıqlarının mövcudluğuna baxmayaraq, təxirə salmadan Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun həmsədri Ceyms Uorlikin 7 may 2014-cü il tarixli təşəbbüsü və ATƏT-in Minsk Qrupu həmsədrlərinin 12 may 2014-cü il tarixli Bəyanatı əsasında Dağlıq Qarabağ məsələsinin nizamlanmasında Sülh Sazişinin işlənib hazırlanmasına başlamağa çağırırıq"

Eldar Namazov məsələ ilə bağlı açıqlama verib ki, bu sənəd Azərbaycan xalqının maraqlarını əks etdirir.

Ötən gün imzalanan bu bəyanat Azərbaycanda birmənalı qarşılanmayıb. Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyir ki, bu cür bəyanatlar yalnız ermənilərin xeyrinə işləyir.

"Əgər o sənəddə status-kvonun ləğvindən söhbət getsəydi, bu nəsə olardı. Status-kvo ləğv edilmədən belə tip sənədlərin imzalanması heç nədir. Burada yalnız maddi maraqlar var. Çünki vasitəçilər Azərbaycan və Ermənistan tərəfi arasında diaolqların yaranmasına milyonlar xərcləyir. Bu bəyanatı imzalayanlar da ondan yararlanır.

Bəyanatı imzalayan Ermənistanın sabiq milli təhlükəsizlik naziri David Şahnazaryanın adı bir müddət öncə Leyla, Arif Yunus və Rauf Mirqədirov məsələsində də çəkilirdi. Onların xalq diplomatiyası adı altında birgə casusluq layihələri həyata keçirdiyi məlum olmuşdu.
 

Milli.Az