"Kobani Mələyi" kimdir?

4 Noyabr 2014 22:35

Dünya boyu minlərlə adam "Kobani Mələyi" və ya "Rehana"-nın fotosunu paylaşıb. O, bir kürd döyüşçüsü olaraq İslam Dövlətinə qarşı mübarizənin rəmzinə çevrilib.
 

Bəzi şayiələrə görə o, 100-dək İslam Dövləti döyüşçüsünü öldürüb. Amma bir məsələ var: o, yəqin ki, çoxunun düşündüyü adam deyil.

Milli.Az BBC-yə istinadən bildirir ki, Suriyanın şimalındakı Kobani şəhəri bütün dünyanın diqqətində olaraq qalır. Burada İslam Dövləti cihadçılarına qarşı mübarizə davam edir. Amma jurnalistlər bura asanlıqla keçə bilmir və buradan görüntülər əldə etmək çətindir. Beləliklə, sosial media şəbəkələrində paylaşılan hekayələr bəzi döyüşçüləri internetdə əfsanələrə çevirir.
 

Və yəqin ki, ən böyük əfsanə "Rehana"dır. Onun şəkli İslam Dövlətinə qarşı vuruşan qadın döyüşçülərin rəmzinə çevrilib. Facebook və Twitterdə minlərlə adam bu fotonu paylaşaraq onun cəsarəti, öldürdüyü çoxsaylı İD döyüşçüləri haqqında hekayələr paylaşıb.

Amma bu foto haradan meydana çıxıb? Əslində "Rehana" kimi tanınan qadının bu fotosu avqustun 22-də, Kobanidə könüllü döyüşçülər üçün keçirilən tədbirdə çəkilib.
 

İsveçli fotoqrafçı Carl Drott o vaxt Kobanidə olan yeganə beynəlxalq jurnalistdir və deyir ki, mərasimdən öncə həmin qadınla danışıb. Onun sözlərinə görə, qadın heç də cəbhə xəttində vuruşmayıb, Kobaninin yerli polisində könüllü işçi olub. Beləliklə onun çoxlu sayda düşmən öldürməsinə inanmaq çətindir.
 

"O mənə yaxınlaşdı və dedi ki, Aleppoda hüquq fakultəsində oxuyurdu, amma İslam Dövləti onun atasını öldürəndən sonra o, bu qüvvələrə qoşulmaq qərarına gəldi", Drott deyir. "Sonra onunla yenidən danışmaq istəyirdim, amma onu tapa bilmədim, adını da öyrənmədim".

Səhərisi gün bu foto "Bijikurdistan" bloqunda paylaşılıb, amma bundan sonra uzun müddət heç kim ona fikir verməyib. Bir ay sonra ingilisdilli kürd saytı Slemani Times onu Twitter-də paylaşdı və sosial mediada qadın haqqında hekayələr peyda olmağa başladı.

Oktyabrın 5-də onun ölməsi barədə xəbərlər yayıldı. Səudiyyə Ərəbistanından @alfaisal_ragad adlı tanınmış Twitter istifadəçisi 200 000 təqibçisi ilə foto paylaşaraq deyib ki, İD döyüşçüsü kürd qadının başını kəsib.
 

Oktyabrın 10-da @Kurdistan_Army adlı istifadəçi başın kəsilməsini göstərən foto ilə yanaşı "Rehana" kimi tanınacaq gülümsəyən qadının fotosunu paylaşıb. İki foto arasında beləcə yaradıldı, şaiyələr peyda olmağa davam etdi.
 

Ölümü barədə şaiyələrə baxmayaraq, oktyabrın 13-də bəziləri onu "Rehana" adlandırmağa başladılar. Bu versiyaya əsasən o, hələ də sağdır. Bundan sonra 5 500 adamın paylaşdığı bir tvit onun hekayəsini qloballaşdırdı: "Rehana #Kobani-də yüzdən çox #İŞİD terrorçusunu öldürüb. Paylaşın, cəsarətinə görə onu məhşur edək". Beləliklə Kobani Mələyi yarandı.
 

Həmin tvit kürdpərəst təbliğat kimi görünə bilər, amma o, kürd hesabından deyil, hindistanlı bloqqer Pawan Durani-nin hesabından gəlib. Bir çox xəbər saytı da bu qadını başlığa çıxararaq onu "Kobani Mələyi" adlandırıb.
 

"O, gözəl gözləri və sarışın saçları ilə hamının ürəyini fəth etdi. Onun çoxlu pərəstişkarları var", kürd bloqer Ruwayda Mustafah deyir. "Danışdığım hər kəs onu sevir, çünki o, hamının görmək istədiyinin rəmzidir. Ki, qadınlar regionun barbar qüvvəsinə qarşı mübarizə aparır".
 

Milli.Az