"Qarabağ"a Avstriyadan şad xəbər!
22 İyul 2014 13:51
Avstriya çempionu "Zalsburq" əsas müdafiəçisi Frants Şimerin xidmətindən məhrum olub. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 28 yaşlı mərkəz müdafiəçisi çempionatın ilk turunda Vyana "Rapid"i üzərindəki darmadağın (6:1) zamanı 55-ci dəqiqədə ombasından zədə alıb.
Dünən isə "Zalsburq" klubu elan edib ki, Avstriya yığmasının futbolçusu 2 həftəlik sıradan çıxıb. Bu isə o deməkdir ki, bu gün "Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsində Maltanın "Valletta" klubunu turnirdən uzaqlaşdıra bilsə, "Zalsburq" Şimeri Bakıya gətirə bilməyəcək. Onun yerinə isə 22 yaşlı braziliyalı müdafiəçi Andre Ramalyo forma geyinəcək.
Qeyd edək ki, 2007-ci ildən Avstriya yığmasının üzvü olan Frants Şimer millimizə qarşı oyunlarda da forma geyinib.
Milli.Az