"Malaziyanın "Malaysia Airlines" aivaşirkətinin "Boeing 777" təyyarəsi vurulan anda onun yaxınlığında Ukraynanın Su-25 qırıcı təyyarəsi vardı. Onların arasındakı məsafə 3-4 kilometrdər antıq deyildi".
Milli.Az İnterfaks-a istinadən bildirir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Operativ İdarəsinin rəisi, general-leytenant Andrey Kartapolov dünən keçirdiyi brifinqdə deyib.
"Su-25 təyyarəsi qısa müddətdə 10 min metr yüksəkliyə çatmaq imkanındadır. Bu təyyarə "hava-hava" tipli R-60 raketləri ilə təchiz olunub. Həmin raketlərlə 12 kilometr uzaqlıqdakı hədəfləri vurmaq olar, - bunu isə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant İqor Makuşev söyləyib: "Bir qədər əvvəl Ukrayna rəsmiləri deyirdilər ki, həmin gün qəza bölgəsində Ukraynanın təyyarələri olmayıb".
Brifinqdə o da vurğulanıb ki, "Boeing 777" vurulanda o bölgədə daha bir hərbi təyyarə olub. Bu təyyarə Rusiyadakı Ust-Donetsk və Buturino məntəqələrindəki radiolokasiya postları vasitəsilə müşahidə olunub.
Rusiyanın Müdafiə Nazirliyi Malaziya təyyarəsinin vurulduğu bölgənin iyulun 17-də çəkilmiş peyk və radiotexniki nəzarət fotolarını nümayiş edib. Bu fotolarda aşkar görünür ki, həmin bölgədə Ukrayna Silahlı Qüvvələrinin ən azı 3 "Buk" zenit-raket kompleksləri vardı.
Ukraynanın Donetsk vilayətindəki separatçıların qondarma "Donetsk Xalq Respublika"sının liderləri "Boeing 777" təyyarəsinin iki "qara qutu"sunu Malayziyanın ekspertlərinə veriblər.
Onlar isə qutuları Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) mütəxəssislərinə təqdim edəcəklərini bildiriblər.
"Qara qutu"ları separatçıların "baş naziri" Aleksandr Boroday və onun müavini Andrey Purqin təhvil veriblər. Malayziyanın nümayəndə heyətinin başçısı qutuları qəbul etməsi ilə bağlı rəsmi aktı imzalayıb.
Bu arada vurulmuş təyyarədə həlak olmuş sərnişinlərin cəsədləri olan refrijirator vaqonlu qatar Donetsk şəhərindədir.
Torez şəhərinin kənarındakı qəza bölgəsində yığılmış cəsədlərin yükləndiyi qatara malayziyalı ekspertlər baxış keçirəndən sonra qatar Xarkov şəhərinə yollanıb.
Həlak olmuş sərnişinlərin 43 qohumu və ailə üzvü də Xarkovdadır.
Milli.Az