Bakı sakini yardım istəyir, məmurlar isə "inanmırıq" deyirlər - FOTO

22 İyul 2014 01:00

Bakıda yeni quraşdırılmış parkomatlar günü-gündən insanların baş ağrısına çevrilməkdədir

Əsasən, şəhərin mərkəzində quraşdırılan parkomatlar sakinlər üçün rahatçılıqdan çox narahatçılıq gətirib. Bu, Milli.Az-a şikayət məktubu ünvanlayan oxucunun qənaətidir. O, maşınını şəxsi evinin qabağında saxlamaq üçün aylıq kart alıb, ancaq həmin kartı itirib və onu bərpa etmək üçün lazımi qurumla əlaqə yaratsa da, ona yardım edən olmayıb.

Şikayətçi yazır:

"Parkomat quraşdırılmadan öncə mən maşını "Beşmərtəbə"də yerləşən binanın qarşısında saxlayırdım. Ancaq parkomatlar işə düşdükdən sonra sakinlər üçün aylıq 15 manat ödəməklə "Güzəştli kart" təqdim olunub, hansı ki həmin kart vasitəsi ilə sakinlər avtomobillərini öz evlərinin qarşısında saxlaya bilərlər.

Kartı aldıqdan bir neçə gün sonra onu itirdim, ancaq lazımi qurumlarla əlaqə saxlasam da, onlar mənə heç bir kömək olmadılar. "Güzəştli kart"ı yenidən almaq üçün ayın axırını gözləməyimi istədilər.

Bəs ayın axırınacan mən öz maşınımı necə və harada saxlayım ki, onu cərimə meydançasına aparmasınlar?"

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi ilə əlaqə saxladıq. Qurumdan Milli.Az-a bildirildi ki, bu cür hallar olub. Bir neçə dəfə isə sakinlər bu yolla onları aldadaraq yeni kart əldə ediblər. Köhnə kartı isə başqa bir maşına qoyaraq onları dolaşdırmağa çalışıblar.

"Həmin şəxs bir neçə gün öncə ofisə buyuraraq öz problemini bildirib. Biz ona köməyimizi on gün araşdırma apardıqdan sonra edə biləcəyimizi söylədik. Çünki ilk günlər də sakinlər yalan danışaraq kartlarını itirdiklərini söyləyirdilər və bir müddət sonra onun üz qabığında tarixi dəyişdirərək başqa bir maşına qoyurdular.

Buna görə də həmin hadisələrdən sonra biz məcburiyyət qarşısında qalaraq heç kəsə inanmırıq. Biz bir şərtlə sakinlərə yeni kart verə bilərik ki, əməkdaşlarımız 10 gün ərzində həmin kartı heç bir maşında tapmasınlar".

Ceyhun Ələkbərov
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.