Malayziyanın Azərbaycandakı müvəqqəti işlər vəkili: "Təyyarə qəzasının tərəfsiz və obyektiv araşdırılmasını istəyirik"

19 İyul 2014 14:37

"Həmin bölgədə münaqişənin mülki təyyarələr üçün bu dərəcədə təhlükəli olduğunu nə Malayziya hökuməti, nə də beynəlxalq təşkilatlar gözləyirdi"

Malayziyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Hariss Bin Alvinin APA-ya müsahibəsi

- Ukraynada qəzaya uğrayan "Boeing-777" ilə bağlı son vəziyyət necədir?

- Müsahibəmizdən əvvəl məlumatları bir də izlədim. Təyyarədə 10 ölkədən 298 nəfərin öldüyü bildirilir. 4 nəfərin milliyyəti hələ müəyyənləşdirilməyib. Baş nazir Nəcib Tun Razak da bildirib ki, qısa zamanda təhqiqatlar aparılacaq və bu barədə krala da davamlı məlumatlar veriləcək. Hazırda Malayziya hökuməti bu məsələni ciddi şəkildə araşdırır. İlk vəzifəmiz faciə qurbanlarının cəsədlərinin tapılması və yaxınlarına verilməsidir.

Eyni zamanda, təyyarənin qalıqları üzərində və digər vasitələrlə qəzanın səbəblərini araşdıracağıq. Bizim üçün bu hadisə çox sarsıdıcı oldu, amma Malayziya öz üzərinə düşəni edəcək. Ölənlərin ailələrinin kompensasiya məsələsinin də həllini tapacağına şübhə etmirəm. Amma bu hadisədə təhqiqatların düzgün və obyektiv aparılmasını istəyirik. Beynəlxalq ictimaiyyətin və böyük dövlətlərin rəsmilərinin faciəyə həssas yanaşmasını və kömək təklif etməsini dəyərləndiririk. Təbii ki, bu hadisə ilə bağlı araşdırmalar beynəlxalq əməkdaşlıq çərçivəsində aparılacaq. Bütün dəstək təkliflərini qiymətləndiririk və inanıram ki, bütün fikirlər, təkliflər nəzərə alınacaq.

Biz də öz ekspertlərimizi göndərmişik, hazırda Ukraynadakı səfirliyimiz işlərə nəzarət edir və paytaxtı məlumatlandırır. Bu istiqamətdə nə lazımdırsa, bizim tərəfimizdən ediləcək. Qəzanın tərəfsiz və obyektiv araşdırılması üçün əlimizdən gələni edəcəyik.

- Belə sual yaranır ki, nəyə görə "Malaysian Airlines" şirkəti sözügedən uçuşu münaqişə zonası üzərindən gerçəkləşdirib?

- Uçuş marşrutu Avropanın əlaqədar təşkilatları tərəfindən də təsdiq olunub və qəzaya uğrayan təyyarə Beynəlxalq Aviyasiya Agentliyinin icazə verdiyi reyslə hərəkət edib. Həmin bölgədə münaqişənin mülki təyyarələr üçün bu dərəcədə təhlükəli olduğunu nə Malayziya hökuməti, nə də beynəlxalq təşkilatlar gözləyirdi. Artıq "Malaysian Airlines" şirkəti bəyan edib ki, uçuşlar yeni marşrut üzrə, Türkiyənin cənubundan gerçəkləşəcək.

- Məsələ ətrafında beynəlxalq siyasi böhran mənzərəsi yaranmaqdadır. Qəza ilə bağlı müxtəlif fərziyyələr irəli sürülür. Rusiya Ukraynanı, Ukrayna isə Rusiyanı və ya rusiyayönümlü separatçıları ittiham edir. Bu ittiham və iddialar Malayziyanın araşdırmasına necə təsir edə bilər?

- Rusiyanın və ya Ukraynanın nə deməsindən asılı olmayaraq, məsələnin obyektiv və qərəzsiz araşdırılması üçün biz bu işə öz mütəxəssislərimizi cəlb etmişik. Malayziyanın öz yolu, öz yanaşması var. Ukraynanın cənub-şərqində qarşıdurma və hərbi toqquşmalar gedir, tərəflər arasındakı ziddiyət qəza ilə bağlı məlumatlarda da özünü göstərəcək. Lakin inanıram ki, həm beynəlxalq ekspertlər qrupunun, həm də Malayziya hökumətinin göndərdiyi mütəxəssislərin rəyi məsələyə düzgün yanaşmağımız üçün yol açmış olacaq. Müəyyən siyasi anlaşılmazlıqlar o bölgədə qəzadan da əvvəl var idi, bu hadisədən sonra böhran və gərginlik kimi halların ortaya çıxması heç də xoşagələn deyil. Biz istərdik ki, hər kəs bu məsələyə obyektiv yanaşmağa çalışsın. Amma hər kəsin öz yolu və maraqlarının da olması başadüşüləndir. Əminəm ki, Malayziya hökumətinin hazırda əsas məqsədi faciə ilə bağlı işlərin düzgün məcraya yönəldilməsidir.

- Bundan əvvəl, 2014-cü ilin mart ayında Malayziyaya aid bir təyyarə 227 sərnişinlə birlikdə Hind okeanı üzərində yoxa çıxmışdı. Hazırda isə sözügedən qəza gündəmdədir. Bu, həm də insanlarda müəyyən xof yaradır. Bu xofu və riski Malayziya aradan necə qaldıracaq?

- Malayziya hazırda öz üzərinə düşən işi qərəzsiz görməyə çalışır. Nə bundan əvvəl baş verən "yoxa çıxma" halı, nə də Ukraynada baş verən hadisə bizim imkan və məsuliyyətimiz daxilində deyildi. Bizim yerimizdə istənilən dövlət olsaydı, problemin mahiyyəti dəyişməyəcəkdi. Əlbəttə ki, bu cür hadisələrin baş verməsini heç istəməzdik. "Malaysian Airlines" şirkətinə gəldikdə isə, dünyada ən yüksək səviyyəli xidmət göstərən aviaşirkətlərdən biridir. Şirkətin səhlənkarlığı üzündən yaranan hər hansı qəza vəziyyəti qeydə alınmayıb. Lakin inanıram ki, "Malaysian Airlines" şirkətinin rəhbərliyi də məsələyə həssas yanaşır və bundan sonra uçuşun daha təhlükəsiz, daha yaxşı keçməsi üçün əllərindən gələnin edəcəklər. İnsanların narahatlığı başa düşülməlidir, lakin biz də istəməzdik ki, bu cür faciə baş versin. Hökumətimizin bütün lazımi tədbirlər görəcəyinə heç bir şübhəm yoxdur. Hind Okeanında "yoxa çıxması" deyilən təyyarə ilə bağlı da araşdırmalar aparılır və hesab edirəm ki, yaxın zamanlarda bir nəticə verəcək.

-Səfirlik olaraq hər hansı anım mərasimi təşkil etməyi planlaşdırırsınızmı?

- Əvvəla qeyd edim ki, Azərbaycan ictimaiyyətinin və rəsmi şəxslərin bu faciəyə həssaslığını yüksək qiymətləndirirəm. Davamlı olaraq zənglər edilir, müəyyən şəxslər başsağlığı vermək, vəziyyəti öyrənmək üçün səfirliyə baş çəkirlər. Onların hər birinə minnətdarıq. Dövlət səviyyəsində də başsağlığı verildi. Azərbaycan mətbuatının da məsələni daim diqqətdə saxlaması təqdiredici haldır. Biz də paytaxtdan yeni xəbərlər və göstərişlər gözləyirik. Hər hansı bir yenilik olsa, mütləq ictimaiyyətin xəbəri olacaq. Hələlik anım mərasimi təşkil etməyi düşünmürük. Səfirlikdə "Xatirə kitabı" açılacaq və faciə qurbanlarının yaxınlarına dəstək olmaq istəyənlər səfirliyə gələrək öz ürək sözlərini bu kitaba yazacaqlar.

Milli.Az