Malayziyanın "Malaysia Airlines" aviaşirkətinin "Boeing 777" sərnişin təyyarəsinin Ukraynanın şərqində, Donetsk vilayətinin Qrabovo kəndinin yaxınlığında vurulması ilə bağlı beynəlxalq komissiya araşdırmalara başlayıb.
ABŞ prezidenti Barak Obama olayla bağlı açıqlama verib.
Milli.Az CNN-ə istinadən bildirir ki, onun dediyinə görə, təyyarə Ukraynada separatçıların nəzarətində olan ərazidən buraxılmış raketlə vurulub.
"Təyyarədəki sərnişinlər arasında ABŞ vətəndaşı da vardı. Baş verən hadisə qolbal faciədir. Bu məsələ beynəlxalq səviyyədə mümkün qədər tez təhqiq olunmalıdır. "Hava-səma" raketini buraxanların gerçək niyyətləri barədə konkret danışmaq hələ tezdir. Bütün dünya Ukraynadakı situasiyanı müşahidə edir və gözləyir ki, faciə ilə bağlı həqiqət ən yaxın vaxtlarda aşkarlanacaq", - Barak Obama deyib.
Onun sözlərinə görə, ABŞ faciənin təfərrüatlarının araşdırılmasında istənilən köməyi göstərməyə hazırdır: "Federal Təhqiqat Bürosu və Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şuranın əməkdaşları Ukraynaya yollanıblar. Onlar artıq yoldadır.
ABŞ prezidentinin sözlərinə görə, Ukraynadakı separatçıları Rusiyanın hakimiyyət dairələri dəstəkləyir.
"Separatçılar Rusiyadan ağır silahlar, hərbi texnika və zenit qurğuları alırlar. Ukraynalı separatçıları Rusiyadan texnika, silah almadan, rusiyalı hərbçilərin rəhbərliyi ilə hazırlıq keçmədən fəaliyyət göstərə bilməzdilər. Ukraynada Kiyevlə atəşkəsə nail olmaq üçün separatçılara təsir etmək imkanlarını Rusiya artıq itirib", - Barak Obama bəyan edib.
Milli.Az