Səmimə Səlimova: "Mənə gələn sevgi məktublarını yoldaşıma oxuyuram..."

21 İyul 2014 02:30
Aktrisa Səmimə Səlimovanın Milli.Az-a müsahibəsi.

- Səmimə xanım, geridə qalan mövsüm sizin üçün nəylə əlamətdar oldu?

- Mənim üçün bir qədər fərqli mövsüm oldu. Çünki filmlərdə, seriallarda daha fərqli obrazlara dəvət aldım və çəkildim. Həmçinin 2014-cü ilin əvvəlində "Turan" teatrını təsis etdim. Fevralın 11-də Xocalı soyqırımı ilə bağlı "Hələ varıq, olacağıq, qalacağıq, artacağıq" adlı tamaşamız oldu. Məhz bu işim mənimçün çox vacib və dəyərlidir. Böyük Turan naminə mən də nəsə etmiş oldum, səhnədə sözümü deməyi bacardım. Aprel ayında Heydər Əliyev adına sarayda "Planet Parni iz Baku" KVN Teatrı ilə 3 gün çıxışlarım oldu, 3 böyük obrazı ifa etdim.

- "Planet Parni iz Baku" KVN Teatrı ilə əməkdaşlığınız davamlı olacaq?

- Çox güman ki, davamlı olacaq. Yəni bu, mənim istəyimlə bağlıdır.

- KVN teatrı ilə çıxış etmək sizə reklam baxımından önəmli idi, yoxsa yetərincə yaxşı qonorara görə onlarla çıxış etməyə razılıq verdiniz?

- Düzdür, fantastik qonorar almasam da, digərlərindən yüksək idi. Tahir İmanov məni bir aktrisa kimi saydı və hörmət elədi, normal da qonorar verdi.

- İxtisasca rejissorsunuz. Niyə özünüzü peşəkar təhsil aldığınız sahədə deyil, aktrisa kimi sınayırsınız?

- Həqiqətən, ürəyimdən olan sualdır. 1995-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin teatr rejissorluğu fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. Universiteti bitirəndən sonra uzun illər jurnalist işləmişəm və iki ildir aktrisa kimi fəaliyyət göstərirəm. Birdən-birə rejissor kimi fəaliyyət göstərməyim peşəkarlıqdan uzaq olardı. Çünki 20 il əvvəl təhsil almışam və ondan sonra heç bir texnikayla işləməmişəm, tamaşa qoymamışam. Özümü aktrisa kimi sınamağım mənimçün bir təcrübədir. İndiki rejissorlardan heç nə öyrənmirəm. Bunu heç kim hiss etmir. Amma özüm daxilimdə özümlə işləyirəm.

- Özünüzü aktrisa hesab edirsiniz, rejissor, yoxsa jurnalist?

- Mənim hədəfim peşəkar rejissor olmaqdır. Aktrisa kimi fəaliyyətimin də səbəbi elə budur. İçimdəki boşluğu doldurmaq üçün jurnalistikayla məşğul olmuşam. Sənət əhli ya göstərməli, ya da yazmalıdır ki, içindəkini tökə bilsin.

- İxtisasca rejissor ola-ola jurnalist işləmisiniz və bu müddətdə xeyli aktyorlardan, aktrisalardan, rejissorlardan müsahibələr almısınız. Həmin vaxt içinizdə belə bir hiss yaranırdımı ki, kaş məndən də müsahibə alaydılar?

- Həmin məqamı çox gözəl tutmusunuz. Bir vaxtlar müsahibə alanda öz-özümə xəyallara dalırdım, özümü müsahibimin yerinə qoyurdum ki, guya məndən də müsahibə alırlar. Deyirdim vaxt gələcək məndən də müsahibə alacaqlar və istədiyim taxtda oturacağam, sənətdə sözümü deyəcəyəm, hamı məni görəcək.

- Niyə rejissorlar sizi baş rollara dəvət etmirlər, daha çox mənfi rolları verirlər? Məsələn, həm "Məhkumlar", həm "Toy gecəsi", həm də "Tək olanda qorxma" seriallarında rollarınız müsbət deyil...

- Bunlar hamısı xarakterik rollardır. Belə rolları özüm də sevirəm. Bir var bir işin öhdəsindən gələsən, bir də var eyni zamanda iki işi yerinə yetirəsən. Mənfi olub, eyni zamanda müsbəti də oynamaq çox çətindir. Buna aktyorluqda ikili obraz deyilir.

- Bəs niyə sizə güvənib baş rol vermirlər?

- Əksinə, çox güvənirlər. Camaat ya tək mənfini oynayır, ya da müsbəti. Mənim oynadıqlarım isə ikili obrazlardır. Bunu hər adam oynaya bilməz.

- Sosial şəbəkədə yetərincə sərbəst, müasir, hətta bir qədər açıq geyimlərdə fotolarınız var. Həyat yoldaşınız qısqanmır ki?

- Yox, mən azad insanam. 17 ildir evliyik və bütün xasiyyətlərimə bələddir. Ümumiyyətlə, geyim insanın əxlaqının göstəricisi deyil. Nə istəsəm, geyinirəm, amma hər şeyin də yerini bilirəm.

- Yəqin ki, həmin fotoları görüb eşq elan edənlər də olur sizə...

- (Gülür) Heç kim inanmır ki, mən ailəli qadınam. Hətta evlənmək təklif edirlər. Heç kimi başa sala bilmirəm ki, üç uşaq anasıyam, ailəm var.

- Bəs niyə həyat yoldaşınızın fotolarını profilinizə yerləşdirmirsiniz?

- Ailəmi reklam etmək istəmirəm.

- Həmin sevgi təkliflərini həyat yoldaşınız görüb?

- Bəzən həmin mesajları yoldaşıma da oxuyuram. Elə də olur ki, çox bezdirəndə "qara siyahı"ya salıram. Yoldaşım mənə gələn sevgi mesajlarını normal qəbul edir. Bilir ki, pərəstişkarlar, məni sevən insanlardır. Sevgi azaddır. Məni aktrisa kimi də, qadın kimi də sevə bilərlər. Neyləsin, kimə desin ki, sevmə? Heç imkan vermirəm o belə məsələlərə qarışsın. Özüm cavablarını verirm. Ümumiyyətlə, mənə görə hər şeyin sərhədi var. Sərhədi kim keçirsə, cəzalandırıram.

- İstirahət mövsümüdür. Nə kimi planlarınız var?

- Çox təəssüf ki, bu yay istirahət edə bilməyəcəyəm. Ola bilsin ki, sentyabrda Kanadada yaşayan rəfiqəmgilə getdim. Mənimçün iş mövsümü bitməyib. "Lider" telekanalında yayımlanan "Taksi parkı" serialında baş rolu - Zinyəti oynayıram. Bu dəfə tamaşaçılar məni tam fərqli ampluada görəcəklər. Serial sırf komediya janrında çəkilib. Həmçinin yeni mövsümdən ANS-də yayımlanan "Göyçək Fatimə" serialında məsum ana obrazında çıxış edəcəyəm.

- Adətən teatrda işləməyən aktrisalar o qədər də ciddi qəbul olunmur. Mümkündürmü ki, yeni mövsümdən teatr aktrisası kimi də fəaliyyətiniz olsun?

- Əslində, mən seriala şou-biznes kimi baxıram. Mənə görə serialda sənət göstərmək tam mümkün deyil. Teatr bir başqa aləmdir, tamaşaçıyla iki saat canlı ünsiyyətdir. Əsl sənət teatrdır. İndiyə kimi teatrda işləməmişəm. Amma indi həm Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov, həm də Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayevin təklifi var. İkisindən birini seçəcəym. Teatrı çox sevirəm, teatr mənim həyatımdır.

- Əgər teatrda işləməmisinizsə, hardan bu qərara gəldiniz ki, teatr sizin həyatınızdır?

- Axı mən teatr rejissorluğunu bitirmişəm. Bu, mənim ixtisasımdır, peşəmdir. Səhnə başqadır, çəkiliş meydançası tamam başqa. Səhnə daha çətindir. Kinoda səhv elədinsə, yenidən çəkmək imkanın var.

- "Toy gecəsi" serialında sevilən rollardan birinin ifaçısı idiniz. Amma nədənsə serialı yarımçıq tərk etdiniz. Niyə?

- Serialı Yaşar Əhmədov çəkirdi. 23-cü seriyadan etibarən maliyyə problemi oldu və rejissor mənə daha aşağı məbləğli qonorarla çəkilməyimi təklif etdi. Təbii ki, mən də razı olmadım. Çünki elə ilk razılaşmamızda razılaşdığımız qonorar o qədər də yüksək deyildi. Qısası, istədiyim qonorarı vermədiyinə görə uzaqlaşdım.

- Yenidən həmin komandayla işləməyiniz mümkündür?

- Yaxşı qonorar versə, təbii ki, mümkündür. Düşmən deyilik ki.

- Deyəsən, hələ də, ictimai nəqliyyatdan istifadə edirsiniz. Nə əcəb maşınınız yoxdur?

- (Gülür) Bunu məndən çox adam soruşub. Hətta avtobusda görüb tanıyanlara da təəccüblü gəlir. Gərək rejissorlar yaxşı pul versinlər ki, mən də özümə maşın alım da.

Elçin Tağıyev
Milli.Az