Fələstinin Qəzza bölgəsini 2007-ci ildən bəri idarə edən və dünyanın bir çox ölkəsində terror təşkilatı sayılan HƏMAS İsrailə qarşı savaşı davam etdirəcəyini bildirib.
Misirin təklifi olan atəşkəs planını rədd edən HƏMAS yetkililərinin dediklərinə görə, "atəşkəs planının qəbulu məğlubiyyətin etirafı olardı".
İsrail isə humanitar məqsədlərdə bir neçə saatlıq atəşkəs elan etməyə hazırdır.
Milli.Az Aljazeera-ya istinadən bildirir ki, bu gün saat 11.00-dan etibarən İsrail birtərəfli olaraq hərbi əməliyyatları 5 saat dayandıracaq və Qəzza bölgəsinə humanitar yüklərin daşınmasına mane olmayacaq.
"Atəşkəs elan etməyimizin bir məqsədi də Qəzzadakı dağıntıların miqyasını HƏMAS liderlərinin görməsidir. Bəlkə belə olarsa, onlar atəşkəsə razılaşarlar", - İsrailin Müdafiə Nazirliyi bildirib.
Dünən Norveçin XİN başçısı, İsraildə rəsmi səfərdə olan Berqe Brende fələstinlilərin raket atəşləri səbəbindən naharını yarımçıq qoyaraq bomba sığınacağına düşüb.
Onu İsrailin xarici işlər naziri Aviqdor Liberman müşayiət edib.
Qəzza bölgələrindən atılan raketlərdən birinin Təl-Əvivə düşməsi nəticəsində 37 yaşlı Dror Xenin həlak olub.
Milli.Az