Qızı üçün paltar toxudu, fantastik qiymətə satdı - FOTO

17 İyul 2014 12:13

Sadə, əlvan rezin lentlərdən toxunan "Loom" adlı qolbaqlar dünyaca məşhurdur. Devid Bekhem, şahzadə Harri, müğənni Mayli Sayrus, teleaparıcı Cimmi Kimmel, müğənni Eddi Vedder, Kornuoll hersoginyası, şahzadə Uilyamın xanımı hersoginya Keyt - bu şəxslərin biləklərində "Loom" qolbaqları görünüb.
 

"Amazon" onlayn dükanında satışların həcminə və populyarlığına görə bütün oyuncaqları geridə qoymuş "Loom"un pərəstişkarlarının sayı sürətlə artır.

Bəlkə də, elə bu məqam eBay onlayn-hərracında yeni rekordun təməli və səbəbidir.
 

Britaniyanın Şimali Uels qraflığındakı Pristatyn şəhərində yaşayan 50 yaşlı Ketrin Bernand 12 yaşlı qızı üçün "Loom" oyuncaqlarından paltar toxumuşdu.

Ammma 12 yaşlı Sian paltarı bəyənmədi.
 

Ana da rəfiqəsi Helen Smitin məsləhəti ilə paltarı eBay-də satışa çıxarmaq qərarına gəldi.

Beləcə, 2500 "Loom" dəstindən toxunmuş paltar satışa qoyuldu.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, hərracın nəticəsi Ketrini şoka salıb. Çünki 3,5 həftəyə toxuduğu və 50 funt-sterlinqə satışa çıxardığı paltar 170.100 funta satılıb.
 

"Hərraca 137 nəfər qatıldı. Sözün açığı, hələ də şokdayam! Kompüterim olmadığı üçün nəticələri Helen mənə deyirdi. Qızım üçün toxuduğum platarın belə fantastik qiymətə satılacağını ağlıma da gətirməzdim. Vergiləri və rüsumları ödəyəndən sonra pulları aramızda tən böləcəyik", - Helen Smit deyib.
 

Ketrinin dediyinə görə, qazandığı pullara oğlu Piter üçün avtomobil alacaq.
 

"Pulları harasa yatırmaq və ya biznes qurmaq niyyətində deyiləm. Beş il əvvəl ərim öldü, biznesimizi və evimizi itirdik. İndi kirayədə qalırıq. Ev almaq, ipoteka krediti götürmək fikrim yoxdur. Dincəlmək, pulları əyləncə və istirahətə xərcləmək istəyirəm. Həyat çox qısadır. Bunu əla bilirəm. Rəfiqəm Ketrin isə əri Konrad üçün maşın almaq, iki qızına da maliyyə yardımı etmək niyyətindədir", - Helen deyib.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.